Gecələr istixanada temperatur 12°C-yə qədər düşərsə, bu bibər bitkisinin inkişafına mənfi təsir göstərir. Gündüzlər istixanada temperatur 30°C-yə çatdıqda, bibər bitkisinin inkişafı dayanır. Bu zaman istixanada havalandırma aparılmalı və temperatur rejimi normallaşdırılmalıdır. İstixanada bibər bitkisi üçün havanın rütubəti 70-75% arasında saxlanılmalıdır. İstixanada quru hava şəraiti çiçəklərin tökülməsinə səbəb olur. Bibər şitilləri əkildiyi vaxt istixana torpağının istiliyi 22-24°C olmalıdır.
İstixananın işıqlandırılması
Məlumdur ki, istixanada bitkilərin işıqla normal təmin edilməsi üçün əvvəlcə işıqlandırılacaq sahə hesablanmalı, əkiləcək bitkilərə uyğun işıqlanma dərəcəsi müəyyən edilməli, sahəyə və işıqlanma dərəcəsinə uyğun olaraq tələb olunan işıq selinin miqdarı tapılmalı, həmin işıq selində normal işıqlanma almaq üçün işıq gücünə uyğun lampalar seçilməli və onların sayı hesablanmalıdır. Qeyd olunan məsələlərin hesablanma qaydası aşağıdakı misalda nümunə olaraq göstərilmişdir:
Misal: Fərz edək ki, uzunluğu 10 metr və eni 5 metr olan, pomidor becərilən qış istixanasının normal işıqlandırılmasına dair hesablama aparmaq tələb olunur.
1. Əvvəlcə becərilən bitkiyə uyğun olaraq tələb olunan işıqlanma dərəcəsi müəyyən edilməlidir. Təcrübələrlə sübut edilmişdir ki, şitil üsulu ilə əkilən əksər tərəvəz bitkiləri üçün normal işıqlanma dərəcəsi 8000-10000 lüks təşkil edir. Qeyd olunan misalda pomidor bitkisi üçün normal işıqlanma dərəcəsi 10000 lüks götürülür.
2. Sonra işıqlandırılacaq sahə hesablanır:
𝐒 = 𝟏𝟎 ∗ 𝟓 = 𝟓𝟎 𝐦𝟐
3. Burada 50 kvadrat metr sahədə olan bitkilərin 10000 lüks işıqlanma dərəcəsində işıq almaları üçün tələb olunan işıq seli lumen ilə aşağıdakı kimi hesablanır:
𝟏𝟎𝟎𝟎𝟎 ∗ 𝟓𝟎 = 𝟓𝟎𝟎𝟎𝟎𝟎 𝐥𝐦
4. İşıq lampalarının quraşdırıldığı hündürlükdən asılı olaraq işıqlanma dərəcəsi dəyişir. Yəni, lampadan işıqlandırılan bitkiyə qədər (əsasən yuxarı yarus yarpaqlar olan hissə) olan məsafə artdıqca, işıq seli zəifləyir və işıqlanma dərəcəsi azalır. Təcrübələrlə sübut edilmişdir ki, işıq mənbəyindən işıqlandırılan səthə qədər olan məsafə 2 dəfə artarsa, səthin işıqlanma dərəcəsi 4 dəfəyə qədər azalmış olar. İstixanalarda müxtəlif gücə malik işıq lampalarından asılı olaraq onlar bitkilərdən (əsasən yuxarı yarus yarpaqlar olan hissə) 15 santimetr, 30-40 santimetr və 60 santimetr məsafədə quraşdırılır. Təcrübələrlə müəyyən olunmuşdur ki, işıq mənbəyindən (lampa) məsafə hər 30-40 santimetr uzaqlaşdıqca işıq seli təxminən 30 % azalır. Bu baxımdan mütəxəssislər istixanalarda bitkilərin süni işıqla təminatına dair hesabatlar apararkən məsafədən asılı olaraq işıq itkisinin aşağıdakı təxmini normalarını nəzərə alırlar: