Bitki yuxarı məftilə çatana qədər yan budaqlar alınır.Digərində isə bitki gövdəsi üzərində yan budaqlar buraxılır və mövsümə, bitkinin böyüklüyünə uyğun olaraq yan budaqların dəyişik uzunluqlarında ucları vurulur. Bitkinin boyu 30 sm-ə çatana qədər olan dövrdə meyvələr və meyvə buğumlarının hamısı kəsilir. Ancaq ana gövdədən çıxan yarpaqlara toxunulmamalıdır. Bu əməliyyatın edilməsinin əsas səbəbi bitkini gücləndirməkdir. Bitki telə çatana qədər ana gövdədəki çiçəklərə toxunulmamalıdır.Yan sürgünlərdə isə bir meyvə bir yarpaq buraxılaraq buğumların ucu qoparılır. Bitki yuxarı məftili aşıb aşağıya doğru döndükdən sonra isə buğumlar üzərində iki meyvəvə iki yarpaq buraxılaraq ucu kəsilır. Ana gövdə üzərində yaranan meyvələrə toxunulmur. Ancaq əyri, formasız və standarta yaramayan meyvələr görünsə bunlar qoparılmalıdır. Bitkinin daha yaxşı işıqlanma və havalanmasını təmin etmək üçün yaşlı və xəstə yarpaqlar, alt yan budaq və yarpaqlar qoparılmalı və ya kəsilməlidir.
İstixanada badımcanın becərilməsi. İstixanada becərilən badımcan bitkisi günəşli hava şəraitində 35-40°C istiliyə davam gətirir. İstixanada badımcan bitkisi üçün ən əlverişli temperatur 20-30°C hesab edilir. 40°C-dən yuxarı temperaturda badımcanın inkişafı dayanır. -1°C-də badımcan bitkisi məhv olur. Badımcan oduncaqlaşmış möhkəm gövdəyə malik olduğu üçün 60-100 sm hündürlükdə olan bitkinin dayağa bağlanmasına ehtiyacı qalmır. Badımcan bitkisi humusla zəngin torpaqları sevir. Şitil əkini cərgəvi üsulla 70×35 sm sxemlə aparılmalıdır. Bəzən 90+50×35, 90+50×40 sm lent üsulu ilə də əkin aparılır. Şitillər şitil əkən maşınla aparıla bilər. 3 gündən sonra şitillərin boğazı torpaqla doldurulmalıdır. Əkindən 2 həftə sonra birinci yemləmə gübrəsi verilməli, texniki yetişmənin başlanğıcından sonra 2 və 3-cü yemləmə gübrələri verilməlidir. Bitkinin kökünün havalandırılması üçün kultivasiya edilməli və ya kətmənlənməlidir. Bitkilər yaxşı inkişaf
etməsi üçün vaxtlı-vaxtında suvarılmalı, dibi yumşaldılmalı və doldurulmalı, yemləmə gübrəsi verilməli, bütün aqrotexniki qaydalar yerinə yetirilməlidir. Badımcan bitkisinin sələfləri paxlalı bitkilər, tərəvəz bitkilərindən xiyar və kələmdir. Növbəli əkində badımcanı pomidor, bibər və kartofdan sonra əkmək olmaz. Badımcanın becərilməsində damlama sistemi və mulçalamanın tətbiq edilməsi olduqca səmərəlidir. Məlumdur ki, badımcan bitkisi suya çox tələbkardır.
Bibər bitkisinin istixanada becərilməsi. Bibər şitilləri daimi yerinə köçürüldükdən sonra istixanada temperatur gündüzlər 24 -25°C, gecələr 18-2 3°C hüdudunda saxlanılmalıdır.