Havanın nisbi rütubətini yüksəltmək üçün bitki suvarılarkən istixananın daxili divarları rezin boru vasitəsilə yağış yağdırma üsulu ilə suvarılır və müvəqqəti olaraq havalandırma dayandırılır. Suvarma şəraitdən asılı olaraq 10-15 dəfə aparılır. Həddindən artıq suvarma bitkilər üçün ziyanlıdır. Suvarma ilıq su (22-240C ) ilə, soyuq havada gündüz, isti havada isə axşamlar aparılmalıdır. Cavan bitkilər az suvarma norması, məhsulvermə fazasında isə çox suvarma norması ilə suvarılmalıdır.
Toxalama. Vegetasiya ərzində 3-4 dəfə aparılır və bu vaxt alaqları məhv etməklə bitkilərin dibi doldurulur. Xiyar bitkisinin kök sistemi göbələk xəstəliklərinə qarşı həssas olduğu üçün bitki köklərinin daima havalandırılması lazımdır.
Yaşıl əməliyyat və bitkilərə forma verilməsi. Xiyar bitkisi çox sürətlə inkişaf edir. Meyvələrin yaxşı inkişafı üçün yarpaq buğumlarından çıxan biclər qoparılmalıdır. Bitkinin boyu kifayət qədər uzandıqda, alt yarpaqlar alınmalıdır. Bu əməliyyatla bitkinin qida maddələri və suyuna ortaq olan, amma meyvənin inkişafına təsiri olmayan alt yarpaqlar qoparılır. Bununla da havalanma daha yaxşı təmin olunduğundan xəstəlik və zərərvericilərin yayılması azalır.
Bu əməliyyat daha faraş və yüksək məhsul götürməyə imkan verir. Sortun xüsusiyyəti və becərilmə müddətindən asılı olaraq bitkilərə müxtəlif qaydada forma vermək olar. Polietilen örtüklü yaz istixanalarında xiyar bitkisinə bir gövdəli forma verilərək şpalerə qaldırılır. Bunun üçün torpaqdan 20-60 sm-ə qədər hündürlükdə bütün meyvəciklər qoparılır. Sonra 50 sm hündürlüyə qədər bir yarpaq bir meyvə, iki yarpaq iki meyvə və daha sonra üç yarpaq üç meyvə saxlanaraq
bütün yan tağların ucu vurulur. Bu əməliyyat vaxtında aparılmadıqda məhsuldarlıq kəskin surətdə azalır.
Xiyarda yaşıl əməliyyat ümumiyyətlə iki formada aparılır. Bunlardan biri bitkinin tək gövdə üzərində böyüdüldüyü sistemdir.