İstixanada mikroiqlim şəraitinin nizamlanması
İstiliyin nizamlanması ən vacib tədbirlərdən olub, buna xüsusi fikir verilir. Pomidor, xiyar, badımcan, bibər becərilən istixanalarda əsasən istilik günəşli günlərdə 24-25ºC, buludlu günlərdə 20-21ºC, gecələr isə 18-19ºC səviyyədə saxlanılmalıdır. İstilik normadan az olduqda böyümə və tozcuqların yetişməsi ləngiyir, yüksək(35ºC) olduqda isə tozcuqlar steril hala keçir və mayalanma getmir. İstilik normadan az olduqda istixanada qoyulmuş isidicilər işə salınır, istilik günəşli günlərdə çox yüksək olduqda isə istixana havalandırılır. Havalandırma aparıldıqda həmçinin istixana daxilində havanın nisbi rütubəti də nizamlanır. Pomidor, xiyar, badımcan, bibər əsasən torpaq rütubətinə çox, havanın nisbi rütubətinə isə az tələbkardır. Havanın nisbi rütubəti 70%-dən yüksək olduqda tozlanma və mayalanma normal getmir, məhsuldarlıq kəskin azalır, meyvənin yetişməsi ləngiyir, göbələk mənşəli xəstəlik törədicilərinin inkişafı sürətlənir və bitki xəstəliyə tutulur. Hər suvarmadan sonra istixana havalandırılır ki, havanın nisbi rütubəti yüksəlməsin.
İstixana şəraitində xiyarın yetişdirilməsi
Xiyar istixanada becərilən əsas tərəvəz bitkilərindən olub əkin sahəsinə görə ikinci yerdə durur.
İstixanada xiyar toxumu birbaşa daimi yerinə səpilməklə şitilsiz və şitil üsulu ilə becərilə bilər. Şitil üsulunda toxum əvvəlcə şitilliyə səpilir və müəyyən müddətdən sonra şitillər daimi yerinə köçürülür. Toxumun səpini şitilin daimi yerinə əkilməsi müddətindən 30-35 gün əvvəl aparılmalıdır. Toxumun səpin müddəti istixananın isidilməsi müddətindən asılı olaraq yanvarın 20-dən fevralın 10-na qədər aparıla bilər.
Xiyar şitili daimi yerinə əkildikdə itirilmiş köklərini bərpa edə bilmədiyinə görə onun toxumları ancaq dibçəklərə və ya qidalı kublara səpilməlidir.
Bunun üçün hər dibçək və ya qidalı kuba 1-1,5 sm dərinliyə 1-2 ədəd cücərdilmiş toxum səpilir. Şitillikdə əsas qulluq işləri istilik və rütubət rejiminin normal saxlanmasıdır.
Şitil daimi yerinə əkildikdə yaşı 30 günlük olmaqla 4-5 yarpağa malik olmalıdir.
Sortlar. İstixanada fermerin istəyindən və bazarın tələbatından asılı olaraq müxtəlif sortlardan istifadə etmək olar. Məsələn, F1 Superina, F1 Soltan F1 Stella, F1 Maram, F1 Arena, F1Dərviş, F1 Pikkolino, F1 Multistar, F1 Bebistar; bu hibridlər yüksək məhsuldar, xəstəliklərə nisbətən dözümlü olmaqla, gecə ilə gündüzün temperatur dəyişikliynə davamlıdır.
Əkin sxemi. İki cərgəli lent sxemi daha məqsədəuyğundur. Bunun üçün lentarası 80-90 sm, lentdə cərgəarası 50-60 sm, cərgədə bitki arası məsafə 35-40 sm götürülməlidir. Bu sxemdə bitkilər günəş şüaları ilə yaxşı təmin olunur və məhsul yığımı vaxtı bitkiləri zədələmədən lent arasında sərbəst hərəkət etməyə şərait yaradır.
Bitkilərə qulluq. İstixanada əsas qulluq işləri – istilik və rütubət rejiminin normal saxlanması, bitkilərin şpalerə qaldırılması, yemləmə gübrəsinin verilməsi, cərgə və bitki aralarının becərilməsi, xəstəlik və zərərvericilərə qarşı mübarizə aparılmasından ibarətdir.
İstixanada havanın nisbi rütubəti məhsulvermə fazasına qədər 75-80%, məhsulvermə fazasında isə 85-95% olmalıdır. Torpaq rütubəti onun ümumi su tutumunun 70-75%-i səviyəsində saxlanılmalıdır.