İstixanada pomidorun becərilməsi
Pomidor, badımcan, bibər və xiyar torpaq rütubətinə çox, havanın nisbi rütubətinə isə az tələbkardır. Havanın nisbi rütubəti 70%-dən yüksək olduqda tozlanma və mayalanma normal getmədiyindən məhsuldarlıq kəskin azalır, meyvənin yetişməsi ləngiyir, bitki göbələk xəstəliyinə tutulur.Torpaq rütubətinin normadan az olması çiçəklərin tökülməsinə səbəb olur. Məsələn, pomidor kütləvi çiçəklənməyə qədər 2-3 dəfə, meyvə bağlama fazasından sonra günəşli günlərdə 4-5 gündən bir, buludlu günlərdə isə 8-10 gündən bir suvarılmalıdır. Dibdoldurma çox vacib işlərdən sayılır. Ən azı 2-3 dəfə cərgə və bitki aralarının torpaqları yumşaldılıb bitkilərin dibi doldurulur. Bitkilərin qidalanması torpağın yumşaldılması ilə əlaqələndirilir. Bu zaman bitkidə əlavə kök sistemi yaranır, qidalanma güclənir, bitkinin yerə yatması azalır. Alaq otları ilə mübarizə xəstəlik və zərərvericilərə qarşı proflaktiki mübarizə deməkdir və 2 dəfə normal aparılmaqla yerinə yetirilir. Alaq otları ilə sirayətlənmə nəticəsində xəstəliklərin artması müşahidə olunur. Alaq otları bitkinin inkişafına mənfi təsir göstərir, onun inkişafı ləngiyir, ömrü qısalır.
Bitkilərə forma verilərək şpalerə qaldırılması ən vacib tədbirlərdəndir. Bunun üçün əvvəlcə müəyyən uzunluqdakəndirlər kəsilərək onun bir ucu ilgək şəklində bitkinin kök boğazına, digər ucu isə cərgə boyunca uzadılmış məftilə baglanır. Bitkiyə birgövdəli forma verilərək yarpaq qoltuğundan çıxan bicilər 3-5 sm uzunluğa çatana qədər qoparılıb atılır. Bic vurmanı gecikdirmək olmaz. Forma verilmiş bitkilər vaxtaşırı kəndirə dolandırılır ki, torpağa yatmasın. İstixanada məhsulun nə vaxta qədər yığılacağından asılı olaraq hər bitkidə 4-7 çıçək salxımı saxlamaqla ucu vurulur.
Çiçək salxımı nə qədər az saxlansa, ümumi məhsuldarlıq azalsa da məhsulun yetişməsi bir o qədər tezləşir. Bitkilərə forma verilərkən, həmçinin vaxtaşırı qocalmış və xəstə yarpaqlar da qoparılıb atılmalıdır.
Yaşıl əməliyyat hündürboylu pomidor sortlarında bic zoğların (yarpaq qoltuqaltında bitən) qoparılması və ucvurma şəklində aparılmalıdır. Kök boğazından 30 sm yuxarıya doğru gövdə üzərində olan zoğlar qoparılmalı, bitkinin boyu 2 m-ə çatdıqdan sonra son salxım və iki yarpaq buraxılaraq ucvurma aparılmalıdır.
Hormon (boy maddəsi) tətbiqetmə. Çox günəşli və isti havalarda nisbi rütubət aşağı düşür. Bu səbəblə çiçək tozcuqları quruyur və mayalanma baş vermir. Eyni zamanda çiçəkləmə vaxtı temperaturun aşağı düşməsi də çiçək tozcuqlarının inkişafını ləngidir. 11 0C-dən aşağı temperaturda çiçək əmələ gəlmir. Pomidor bitkisinin meyvə əmələ gətirməsi üçün ən uyğun hormon Buton, 2,4 D (dichlorofenoksi turşusu), Epin (bioloji) hormonlarıdır.
Hormon ya əl çiləyicisi vasitəsilə çilənməli, ya da çiçək salxımı hormonla dolu qaba batırılaraq tətbiq edilə bilər. Kimyəvi hormonlar bitkinin yarpaqlarına dəyməməlidir. Əks halda bitkinin yarpaqlarında virus xəstəliyinə oxşar qıvrılmalar əmələ gələcəkdir. Pomidorun çiçək salxımında 3-4 çiçək açanda hormon tətbiq edilə bilər. Birdəfəlik hormon tətbiqi gələcəkdə açılan çiçəklərə də təsir edir. Hormon normadan artıq istifadə ediləndə meyvənin xoşagəlməz formlaşmasına səbəb olur. Hormonun əsasən səhərlər saat 9-11 arası tətbiqi daha məqsədəuyğundur.