Nematoda qarşı mübarizə məqsədi ilə əsasən istixana şəraitində torpaq zərərsizləşdirilməlidir. Şitil əkininə 30-40 gün qalmış torpaq 85-90%-li Dazametlə (hektara 1000 kq) zərərsizləşdirilir. Eyni zamanda 40%-li karbationla (hektara 1500-2000 kq) və yaxud 10%-li Vidatla (hektara 50 kq) dərmanlanmalıdır.
Şitilin əkin qaydası. Əksər sort və hibridlər üçün iki cərgəli lent sxemində 80 + 60 x 30 sm, cərgəvi sxemində 70x30-40 sm qida sahəsi verilir. İki cərgəli lent sxemində əkin aparılması bitkilərə qulluq və məhsul yığımı üçün daha əlverişlidir. Şitilin əkini üçün cərgədə bitki aralarına uyğun olaraq hər 30-35 sm-dən bir yuva açılır. Şitillər dibçəkdən ehtiyatla çıxararaq yuvaya əkilir. Şitil 1-ci yarpağa qədər torpağa basdırılmalıdır. Şitil əkilən kimi az suvarma norması ilə suvarılır. Danadişiyə qarşı mübarizə aparmaq üçün suvarma suyu ilə az miqdarda karate, BN-58 və s. müvafiq preparatlar axıdılır.
İstixanada bitkilərə qulluq qaydaları
İstixanada qulluq işlərinə cərgə və bitki aralarının yumşaldılması, alaqlarla mübarizə, suvarma, bitkilərə forma verilməsi, yemləmə gübrəsinin verilməsi, bitkilərə mayalanma və boy maddələrinin çilənməsi və istixana daxilində istilik və rütubətin nizamlanması aiddir.
Bitki və cərgə aralarının yumşaldılmasına şitil əkiləndən10-15 gün sonra başlanılır. Birinci becərmə üzdən aparılmalıdır ki, yenicə əmələ gəlmiş köklər zədələnməsin.Vegetasiya ərzində 4-5 dəfə becərmə aparılır.
İstixanada mulçanın tətbiqinin böyük əhəmiyyəti var. Mulça torpağın nəmlik ehtiyatını qorumaqla yanaşı, havalı və yumşaq saxlayır. Bu da bitkinin inkişafına xüsusi təsir göstərir.