İstixanada erkən əkin aparıb və faraş məhsul almaq üçün ilk öncə ərazinin təbii işıqlanma dərəcəsinə diqqət yetirilir. Ölkəmizin istixana tərəvəzçiliyi inkişaf etmiş bölgələri, xüsusilə də Gəncə-Qazax zonası keçmiş MDB ölkələri arasında Fotosintetik Aktiv Radiasiyanın (FAR) intensivliyinə görə 7-ci işıqlanma zonasına aid edilmişdir. Bu zona ən yaxşı işıqlanma zonası olub, əsasən qış aylarında işıqlı günün uzunluğuna görə fərqlənir. Burada dekabr və yanvar aylarında istixana daxilində 1 sm2 üfüqi səthə düşən FAR-nın cəmi 2330-3980 kilokalori təşkil edir.
FAR-nın intensivliyi dedikdə müəyyən müddətdə vahid səthə düşən günəş enerjisinin miqdarı başa düşülür və kal/sm2 dəqiqə ilə ifadə olunur. Günəş spektrinin tərkibindəki, dalğa uzunluğu 380-710 nm (nanometr) hududunda olan şüalar hüceyrənin protoplazmasında olan plastidlər tərəfindən udulur və bu da bitkilərin normal inkişafını təmin edir. Bu şüalanma Fotosintetik Aktiv Radiasiya (FAR) adlanır. FAR-nın yaratdığı enerji hesabına yaşıl yarpaqların plastidlərində fotosintez prosesi gedir. FAR günəş enerjisinin 45-50%-ni təşkil edir. Bitkilərin yaşıl yarpaqları günəş spektrinin görünən fotosintetik aktiv hissəsinin (FAR) təxminən 80-90%-ni istifadə edə bilirlər.
Qeyd olunanlardan aydın olur ki, 7-ci işıqlanma zonasına aid olan, ölkəmizin istixana tərəvəzçiliyi ilə ixtisaslaşmış bölgələrində, ilin bütün vaxtlarında tərəvəz becərmək olar. Buna ərazinin təbii işıqlanma dərəcəsi, işıqlı saatların miqdarı imkan verir və bu zonada süni işıqlandırmaya belə ehtiyac yaranmır. Lakin ölkəmizin istixana tərəvəzçiliyi ilə ixtisaslaşmış bölgələrində qış-yaz becərmə dövrü ən optimal və səmərəli hesab edilir. Belə ki, istixanada qış-yaz becərmə dövründə erkən əkin aparıb, faraş məhsul almaq və onu sərfəli qiymətə satmaqla daha çox gəlir əldə etmək mümkün olur. Bu xüsusiyyət ölkəmizdə istixana tərəvəzçiliyinin inkişafının əsasını təşkil edir, qonşu ölkələrlə (Rusiya, Gürcüstan və s.) rəqabət aparmağa və həmin ölkələrə faraş məhsul ixrac etməyə imkan verir.
Qeyd: İstixana təsərrüfatının fəaliyyət planından asılı olaraq göstərilən bitki dövriyyələrinə pomidor əvəzinə badımcan və ya bibər daxil edilə bilər. Ümumiyyətlə, badımcan, bibər və xiyar isti sevən bitkilər olduğu üçün adətən onları istixanada yaz-yay dövründə becərmək məsləhətdir. Pomidor işığa münasibətinə görə neytral (işıqlı günün uzunluğuna və qısalığına) bitki olduğu üçün onu qış-yaz və digər dövrlərdə becərmək olar. Lakin pomidoru erkən əkib (məsələn, noyabr-dekabr) və faraş məhsul almaq üçün (fevral-mart) işıqlı günün uzunluğu qısa olan, dekabr-fevral aylarını əhatə edən dövrdə, istixanada əlavə işıqlandırmaya ehtiyac yaranır. Bu hal 2018-ci ilin yanvar-mart ayları ərzində ölkəmizin istixana tərəvəzçiliyi ilə ixtisaslaşmış bölgələrində özünü biruzə vermişdir. Belə ki, həmin dövrdə uzun müddət hava buludlu keçmiş, günəşli saatların miqdarı azalmış və ümumilikdə istixana üçün əlverişsiz şərait yaranmışdır. Nəticədə, süni işıqlandırma ilə təchiz edilməmiş və erkən əkin aparılmış istixanalarda pomidorun vegetasiya müddəti uzanmış, bitkilərdə fotosintez prosesi zəifləmiş və bitkinin ümumi inkişafı pisləşmişdir. Bu baxımdan istixana üçün əlverişli ərazilərimizin 7-ci işıqlanma zonasında yerləşməsindən asılı olmayaraq, iqlim dəyişikliklərinin baş verəcəyi riskli hallarda istixanalarda süni işıqlandırma aparılmalıdır. Əks təqdirdə, süni işıqlanma ilə təmin edilməyən istixanalarda, bir qədər gecikdirilmiş, yəni erkən yazda əkin (fevralın sonu-mart) aparılmalıdır.