3.1. Meyvəli tərəvəz bitkilərinin növbəli əkinə münasibəti, əsas sələf bitkiləri, bitki dövriyyələri və optimal əkin müddətləri
Yadda saxla! Növbəli əkin torpağın münbitliyinin qorunmasında, xəstəlik və zərərvericilərə qarşı bioloji mübarizədə ən əhəmiyyətli aqrotexniki tədbir hesab edilir. Əbəs yerə deyildir ki, növbəli əkinə torpağın münbitlik fabrikası və onun fitosanitarı adı verilmişdir. Növbəli əkinin əhəmiyəti istixana şəraitində, xüsusilə də torpaqda becərilən meyvəli tərəvəz bitkiləri üçün də əhəmiyyətlidir. Çünki, torpaqsız (hidroponika ilə süni substratlarda, məsələn kokopit) becərmə şəraitində substrat hər il dezinfksiya edilərək burada bir neçə il ardıcıl olaraq eyni tərəvəz bitkisi becərilə bilər. Lakin torpaqda isə eyni bitkini fasiləsiz olaraq bir neçə il əkdikdə, burada xəstəlik və zərərvericilərin, o cümlədən alaq otlarının miqdarı artır, torpağın münbitliyi bir tərəfli olaraq azalır və bu da məhsuldarlığın getdikcə aşağı düşməsinə səbəb olur. Bu baxımdan istinaxana şəraitində də növbəli əkin məsələsinə xüsusi diqqət yetirmək lazımdır.
Bəs xiyar, pomidor, badımcan və bibər bitkiləri üçün hansı bitkilər yaxşı sələf hesab edilir?
Ümumiyyətlə, eyni fəsiləyə aid olmayan, xəstəlik və zərərvericiləri fərqli olan hər bir bitki digərinin sələfi ola bilər.
Diqqət: Fitoftora xəstəliyinə həssas olan kartof, badımcan, bibər və kələmdən sonra pomidor bitkisini əkmək olmaz. Xəstəlik və zərərvericiləri eyni olan qarpız, qovaq və digər tağlı bitkilərdən sonra xiyar bitkisini əkmək yol verilməzdir.
Qeyd edək ki, istixana şəraitində xiyar, pomidor, badımcan və bibər bitkiləri üçün ən yaxşı sələf hesab edilən dənli paxlalı bitkilərin, kökü meyvəlilərin, sarımsaq və soğanın əkilməsi istixanaya qoyulan kapitalın özünü ödəməsi və iqtisadi səmərəlilik cəhətindən olduqca səmərəsizdir. Bu baxımdan istixanadan səmərəli istifadə edilməsi cəhətindən pomidor, badımcan və bibər bitkiləri üçün ən yaxşı sələf xiyar, xiyar üçün isə həmin bitkilər hesab edilir. Bəzən fermerlər istixanadan səmərəli istifadə etmək və daha çox gəlir götürmək üçün hər il ardıcıl olaraq pomidor əkirlər. Belə olan halda mütəxəssislər hesab edirlər ki, ötən il təhlükəli fitoftora xəstəliyi, o cümlədən kolorado böcəyi, pomidor minalayıcı güvəsi və s. kimi ziyanlı zərərvericilərlə sirayətlənməmiş pomidor sahəsinə yenidən pomidor əkmək olar. Lakin burada əlavə olaraq həm torpaqda, həm də ümumi istixanada dezinfeksiya işləri aparılmalı və torpağın münbitliyi yaxşılaşdırılmalıdır. Ən yaxşı halda, istixanadan səmərəli istifadə edilməsi (mövsümün müəyyən hissəsində boş qalmaması məqsədilə) və növbəli əkinə qismən də olsa əməl edilməsi üçün qış-yaz dövrü üzrə badımcançiçəklilər (pomidor, badımcan və bibər) fəsiləsinə aid bitkilər, yaz-yay dövründə isə xiyar becərilməsi (və ya əksinə) məsləhət görülür.