Öyrənmə elementi vacibliyi haqqında məlumat:
Əziz şagirdlər! Şitillərin münbit torpağa əkilməsi, bazara daha faraş məhsul çıxartmaq üçün şitillərin optimal əkin müddətlərinin müəyyən edilməsi, bitkilərin normal sıxlıqda yerləşdirilməsi və onlara vegetasiya dövründə yaxşı qulluq edilməsi istixanada yüksək məhsuldarlığın alınmasına və daha çox gəlir əldə edilməsinə səbəb olur. Bunlara nail olmaq üçün şitil əkini üçün münbit torpağın hazırlanma qaydalarına yiyələnmək, şitillərin optimal əkin müddətlərini və sxemlərini bilmək, vegetasiya dövründə bitkilərə normal qulluq qaydalarını mənimsəmək olduqca zəruridir. Qeyd olunan məsələlər sözügedən bölmədə ətraflı şərh edilmişdir.
Əziz şagirdlər! Bu təlim elementini öyrəndikdən sonra Siz aşağıdakı biliklərə yiyələnəcəksiniz:
- Meyvəli tərəvəz bitkilərinin növbəli əkinə münasibəti və əsas sələf bitkiləri haqqında biliklər əldə edəcəksiniz
- İstixana şəraitində meyvəli tərəvəz bitkilərinin əkini üçün torpağın və ya substratın hazırlanma qaydalarına yiyələnəcəksiniz
- Şitilin daimi yerinə köçürülməsi üçün optimal əkin müddətləri, bitki dövriyyələri, və əkin sxemləri haqqında biliklər toplayacaqsınız
- İstixana şəraitində becərilən meyvəli tərəvəz bitkilərinə qulluq işləri, onların şpalerə qaldırılması, bitkiyə forma verilməsi və bitkilərdə yaşıl əməliyyatın (bic vurma, uc vurma, quru-xəstə yarpaqların qoparılması) aparılması haqqında bilik və bacarıqlara yiyələnəcəksiniz
- Meyvəli tərəvəz bitkilərinin normal inkişafı üçün istixana şəraitində mikroiqlimin və işıqlandırma şəraitinin nizamnlanması qaydalarını mənimsəyəcəksiniz