Şitillərin köçürülməzdən əvvəl stres amillərinə qarşı davamlılığının artırılması. Dipçəklə müqayisədə ləklərdə yetişdirilən şitillər torpaqdan çıxarılarkən onların kök sistemi zədələnir, əkin müddəti uzanmaqla köklər quruyur, su çatışmazlığından əziyyət çəkir və əkiləndən sonra köklərin regenerasiya (bərpa etmə) qabiliyyəti çətinləşir. Eyni zamanda şitillərin yerini dəyişərkən onlar yeni mühit şəraitinə çətinliklə uyğunlaşır, buna enerji sərf edir və stresə düşürlər. Həmçinin, şitillərin əkildiyi yerdə xəstəlik və zərərverici törədicilərinin təsiri də onları inkişafdan qoyur. Bu baxımdan proflaktika məqsədilə stres amillərinə qarşı şitillərin davamlılığını atrtırmaq lazımdır. Bunun üçün şitillər çıxarılmamışdan əvvəl onların üzərinə xüsusi preparatlardan hazırlanmış məhlullar çilənir və ya çıxarıldıqdan sonra şitillərin kök sistemi həmin məhlullarda saxlanılır. Bunun üçün bir çox preparatlar mövcuddur. Məsələn, şitillərin kök sisteminin güclü inkişafı üçün Kornevin (təsiredici maddəsi: indol-3 il -sirkə turşu, 5qr/kq, toz halında preparat) və onların köçürülərkən stresslərə (rütubət-temperatur dəyişmələri və s. ) qarşı davamlılığının artırılması üçün Epin Extra (təsiredici maddəsi: 24-elibrassinolid, 0.025qr/litr, suspenziya halında preparat) preparatlarından istifadə edilə bilər. Şitillər çıxarılmamışdan 1-2 gün əvvəl onların üzərinə Epin Extra preparatından hazırlanmış işçi məhlul (10 litr suya 2-3 ml epin extra) çilənir. Əkin üçün çıxarılmış şitillərin kökü Kornevin preparatının 0,1%-li məhlulu ilə isladılır. Yəni, şitilin kökləri işçi məhluld 6 saat saxlanılır. Bunun üçün 1 qram Kornenevin 1 litr suda qarışıdırılır və hazırlanmış işçi məhlul 100 ədəd şitil üçün nəzərdə tutulmuşdur. Həmçinin, şitillərin torpaq mənşəli xəstəliklərə qarşı davamlılığının artırılması üçün Fitosparin-M biopreparatından da istifadə etmək olar. Bunun üçün çıxarılmış şitillər in kökü Fitosporin-M preparıtından hazırlanmış işçi məhlulda (100 ədəd şitil üçün 1 çay qaşığı fitosporin 1 litr suda hesabi ilə ) 2 saat saxlanılır. Şitillərin köçürülən zaman əlverişsiz şəraitə qarşı davamlılığının artırılması üçün marqansdan da istifadə edilə bilər. Bunun üçün 2-3 qram marqans 10 litr suda qarışdırılır və şitillərin çıxarılmasından 1-2 gün əvvəl onların üzərinə çilənir.
Şitillərin seçilməsi, çeşidlənməsi, normal şitillərin çıxarılması və əkin üçün hazırlanması. Kök sisteminin zədələnməməsi və köklərin torpaqlı çıxarılması üçün şitillər suvarılmalıdır. Bunun üçün şitillərin daimi yerinə köçürülməsindən 12-24 saat əvvəl bol suvarma aparılır və torpaq nəmləndirilir. Lək üsulu ilə yetişdirilən şitillər isə çıxarılmazdan 2-3 saat əvvəl təkrar suvarılır. Dipçək şitilləri torpaqlı olur. Lakin ləklərdə yetişdirilən şitillər çıxarılarkən onların kökləri tez quruyur. Bu baxımdan torpağı yaxşı nəmləndirmək və şitili düzgün çıxartmaq lazımdır ki, onun kök kütləsinin 20-30%-i torpaqlı olsun. Çıxarılarkən kökləri üzərində torpağı olmayan şitillərin əkinə qədər həyatiliyini saxlamaq üçün xüsusi qidalı palçıq horası hazırlanır və şitilin kökləri həmin horaya salınır. Bunun üçün peyin şirəsi götürülür və onun üzərinə narın torpaq əlavə olunur. Şitillərin kökü qatı palçıq horasına yaxılır. Beləliklə, şitillərin kökləri qurumur və nəmliklə normal təmin edilir. Əkin üçün şitillər seçilməlidir və çeşidlənməlidir. Gövdəsi nazik və boyu uzun olan, boy tumurcuğu zədələnmiş, xəstəliyə sirayətlənmiş, yarpaqları ölgünləşmiş, solğun şitillər çıxdaş edilməlidir. Əkin üçün sağlam, yaxşı yarpaqlanan, gövdəsi qalın, buğumaraları qısa, kompakt budaqlanan şitillər seçilməlidir. Əkin üçün hazır olan şitillər tələb olunan standartlara cavab verməlidirlər.