Bu maddələr yarpaqlar vasitəsilə asan mənimsənilməklə bitki həmin maddələrin sintezinə əlavə enerji sərf etmir, bitkinin stress amillərinə (yüksək hərarət, soyuq, su çatışmazlığı, xəstəlik və zərərvericilər və s.) qarşı davamlılığını artırır, bitkinin boyu artır və onun ümumi inkişafı (kök, yarpaq, çiçək, meyvə) sürətlənir və məhsularlıq yüksəlir. Şitillərin boyu 10 sm-ə çatdıqda 1 m2 sahə üzrə 10 ml İsabion preparatı 1 litr suya qarışdırılır, 1-2 dəfə (10 gün fasilə ilə) şitillərin üzərinə çilənir.
Qeyd: Bəzən şitillərə azot gübrəsinin normadan çox verilməsi, boy maddələrinin çilənməsi, temperatur və nəmlik şəraitinin yüksək olması və s. səbəblərin təsirindən şitillərin boyu həddən çox uzanır, gövdə nazikləşlir və yerə yatır, kök sistemi zəif inkişaf edir və əlverişsiz şəraitə davamsız olur. Xüsusilə, bu hala pomidor şitillərində daha çox rast gəlinir. Adətən, şitilliklərdə bu problemin qarşısını almaq və keyfiyyətli şitil yetişdirmək üçün boy tənzmiləyici (inqibitor) TUR (təsiredici maddə: xlorxolin xlorid) preparatından istifadə edilir. Bəzən istixanada və ya açıq şəraitdə əkin yerinin hazırlanması bu və ya digər səbəbdən gecikir. Bu zaman dipçəklərdə və ya ləklərdə şitillərin yetişdirilmə dövrü uzanır, onlar şitilxanada daha çox qalmalı olur, böyüyür, yerləri sıxlaşır və şitilin keyfiyyəti pisləşir. Şitilin köçürülmə vaxtının gecikməsi dövründə də TUR preparatından istifadə edilməsi əhəmiyyətlidir. TUR preparatı ilə 0,05-0,1 %-li işçi məhlul hazırlanır və şitillərin 3-4 yarpaq fazasında çilənir. Bunun üçün 10 litr suya 5-10 qram TUR preparatı qarışdırılır və 8-10 gün fasilə ilə şitillərə çilənir. Sonuncu çiləmə şitillərin köçürülməsindən 5 gün əvvəl aparıla bilər. TUR preparatının təsiri nəticəsində şitillərin böy artımı zəifləyir, gövdəsi qalınlaşır, kök kütləsi artır, yaxşı yarpaqlayır və şitil kompakt bir forma alır.
2.8. Şitillərin çıxarılması və əkin üçün hazırlanması
Şitillər daimi yerinə köçürülərkən yeni mühit şəraitinin təsiri, çıxarılma zamanı onların kök sisteminin zədələnməsi və s. amillər körpə və zərif bitkilərdə stres yaradır. Belə olan halda daimi yerinə köçürülmüş şitillər çətinliklə bərpa olunur, bəzən məhv olurlar və bitki sıxlığı seyrək alınır. Bu baxımdan şitillərin stresə düşməməsi və onların daimi yerində normal inkişafının təmin edilməsi üçün köçürülmə zamanı bir neçə hazırlıq işləri aparılır və onlar aşağıdakılardan ibarətdir:
Şitillərin daimi əkin yerinin iqlim şəraitinə uyğunlaşdırılması. Bunun üçün şitillərin köçürülməsinə qədər qalan 10-15 gün ərzində onlar əkiləcək yerin şəraitinə uyğunlaşdırılır. Bu dövrdə şitilxanada havanın temperaturu və rütubəti şitilin daimi yerinə köçürüldüyü yerin şəraitinə uyğun nizamlanır (bax: Şitilxanada mikroiqlim rejiminin nizamlanması). Şitillərin köçürülməyə hazırlıq mərhələsində (köçürülməyə 10-15 gün qalmış) gündəlik havalandırma aparılır və şitillər aşağı temperatur şəraitinə (əgər isidilməyən istixanalara və ya açıq sahələrə əkiləcəksə) uyğunlaşdırılır.