Karate məhlulu az miqdarda suvarma suyu ilə axıdıldıqda qısa bir vaxtda şitilxanada olan bütün danadişi torpaq səthinə çıxaraq məhv olur.
Qeyd olunan kimyəvi preparatlar xəstəlik və zərərvericilərə qarşı yüksək təsirə malik olsalar da, bəzi çatışmazlıqları vardır. Dezinfeksiya zamanı qeyd olunan kimyəvi dərmanlar torpaqda yaşan həm xeyrli, həm də zərərli orqanizmləri məhv edir, uzun müddət torpaqda qalmaqla onu çirkləndirir və bəzən kimyəvi maddələrin qalıqları bitkidə də toplanır. Bu baxımdan şitilliklərdə xəstəlik və zərərvericilərə qarşı bioloji preparatlardan istifadə edilməsi daha məqsədə uyğun hesab edilir. Şitillərin xəstəlik və zərərvericilərinə qarşı davamlılığını artıran, ümumi inkişafını sürətləndirən aşağıdakı bioloji preparatlar istifadə edilə bilər:
Biofunqsid (bakteriya mənşəli). Tərkibində baccilius subtillis, pseudomonas fluorescens bakteriyaları olan biopreparatlardan (Qamair, Alrin-B, Fitosporin-M, Aqat-25 K, Bakofit və s.) hazırlanmış işçi məhlulların şitillərin üzərinə çilənməsi və kökdən verilməsi. Bu biopreparatların tərkibində olan bakteriyalar pomidor, badımcan, bibər və xiyar bitkilərinin unlu şeh, fitoftora, antraknoz, qara ayaq (ən çox şitil vaxtı bitkiyə sirayətlənir), dəmgil, boz çürümə, gövdə bakteriozu və kök çürümə xəstəliklərinin törədicilərinə qarşı antaqonist (təbii düşməni) olub və şitillərin həmin xəstəliklərə qarşı davamlılığını artırır. Tərkibində “bacillius subtillis” bakteriyası olan Fitosporin-M preparatından istifadə olunması daha səmərəlidir. Preparat xüsusi ştamm (qida mühiti) formasında 200 q çəkisi olan paketlərdə istehsal olunur. Çəkisi 200 qram olan 1 paket ştamm 400 ml suda həll edilir və biopreparat məhlulu hazırlanır. Hazırlanmış biopreparat məhlulundan 1-2 xörək qaşığı götürülüb 10 litr suda həll edilir və şitillərin üzərinə çilənir.
Biofunqsid (göbələk mənşəli). Tərkibində Penicillium sp. və Trichoderma liqnorum harzianum göbələyi olan biopreparatlardan (Qliokladin, Trixodermin və s.) hazırlanmış işçi məhlulların şitillərin üzərinə çilənməsi və kökdən verilməsi. Bu biopreparatların tərkibində olan göbələklər pomidor, badımcan, bibər və xiyar bitkilərinin fuzarioz soluxması, alternariya, boz çürümə və kök çürümə xəstəliklərinin törədicilərinə qarşı antaqonist (təbii düşməni) olub və şitillərin həmin xəstəliklərə qarşı davamlılığını yüksəldir. Trixodermin biopreparatından 1-2 xörək qaşığı götürülüb 10 litr suda həll edilir və şitillərin üzərinə çilənir.
Bio nematosid. Fır nematodlarına qarşı Nematofaqin (tərkibindəki göbələk- Arthrobotrys oligaspora) biopreparatından hazırlanmış işçi məhlulun torpağa verilməsi. Bu biopreparatın tərkibində olan göbələk pomidor, badımcan, bibər və xiyar bitkilərinə zərər vuran fır nematodlarının bir neçə növünə qarşı antaqonist (təbii düşməni) olub və yaxşı təsirə (88-94% nematodu məhv edir) malik bioloji mübarizə vasitəsidir. Şitillikdə toxum səpinindən 7-10 gün qabaq 100 m2 sahə üçün Nematofaqin biopreparatından 100-300 ml götürülüb 10 litr suda həll edilir və torpağa çilənir. Göbələyin daha təsirli olması üçün işçi məhlul tətbiq edilərkən şitilxanada optimal temperatur 18-280C və nisbi rütubət 90% olmalıdır.
İsabion- bioloji-təbii yarpaq gübrəsi (biostimulyator). İsabion bitkinin boyu artımını və ümumi inkişafını sürətləndirən biostimulyatordur. Tərkibində bitkilər üçün lazım olan və asan mənimsənilən amin turşuları və pepetidlər vardır.