Əgər şitil becərilən ləklər və ya dipçəklər, həmçinin toxumlar qeyd olunan preparatlarla dezinfeksiya edilərsə, bu zaman şitilliklərdə zərərverən orqanizmlərin yayılmasına az hallarda rast gəlinir. Lakin proflaktika məqsədilə (qabaqlayıcı) şitillər yetişdirildiyi dövrdə onların xəstəlik və zərərvericilərinə qarşı aşağıdakı kimyəvi preparatlarla çiləmə aparıla bilər:
- 1 %-li Bordo mayesi. İşçi məhlul hazırlamaq üçün 100 qram göydaş, 100-150 qram əhəng və 10 litr su lazımdır. Bu prepartla ilə şitilliklərdə qabaqlayıcı tədbir kimi pomidor, badımcan, bibər bitkilərində fitoftora, qara bakteriyal ləkəlilik, antraknoz və alternarioza, xiyarda unlu şehə və kök çürüməyə qarşı mübarizə üçün tətbiq edilir;
- Ridomil Gold (təsir edici maddəsi: mefenoksam 25 qr/kq+misxloroksidi 400 qr/kq, preparat forması: islanan toz). Şitilliklərdə qabaqlayıcı tədbir kimi pomidor, badımcan, bibər bitkilərində fitoftora, qara bakteriyal ləkəlilik, antraknoz və alternarioza, pomidorda fuzarioz soluxması, xiyarda unlu şehə və kök çürüməyə qarşı mübarizə üçün tətbiq edilir. İşçi məhlulu hazırlanması üçün 10 litr suya 25 qram preparat tökülür və şitillərə çilənir. Şitillərin 3-4 yarpaq fazasında proflaktika (qabaqlayıcı) məqsədilə 1 dəfə çiləmə aparıla bilər;
- Kocide (təsir edici maddəsi: mis hidroksid, preparat forması: islanan qranula). Bu preparat funqsid-bakterisid tərkibli olub, pomidorda erkən yarpaq yanıqlığı, pomidor, badımcan, bibər bitkilərində qara bakteriyal ləkəliliyə qarşı mübarizə üçün istifabdə edilir. İşçi məhlulun hazırlanması üçün 10 litr suya 20-25 qram preparat tökülür və şitillərə çilənir. Şitillərin 3-4 yarpaq fazasında proflaktika (qabaqlayıcı) məqsədilə 1-2 dəfə, hər dəfə 7 gün fasilə ilə çiləmə aparıla bilər;
- Ampligo (təsir edici maddəsi: xlorantranilipol 100 q/l+lyamdasiqalotrin 50 q/l, preparat forması: suspenziya-qatı maye). Bu insektsid sorucu və gəmiricilərdən ibarət kompleks zərərvericilərə (bitlər, gənələr, mənənələr, kolorado böcəyi, sovka, güvələr, tripslər və s.) qarşı mübarizə üçün tətbiq edilir. İşçi məhlulun hazırlanması üçün 10 litr suya 10 ml preparat tökülür və şitillərə çilənir;
- Karate Zeon (təsir edici maddəsi: Lyambda siqaltrin 50 qr/l, preparat forması: suspenziya-qatı maye). Bu insektsid xiyar, pomidor, badımcan və bibər bitkilərinə ziyan vuran kolorado böcəyinə, tor gənəsinə, mənənələrə, pambıq sovkasına, güvələrə, tripsə qarşı mübarizə üçün istifadə edilir. İşçi məhlulun hazırlanması üçün 10 litr suya 5-10 ml preparat tökülür və şitillərə çilənir.
Yadda saxla: Danadişi tərəvəz əkinlərində, xüsusilə də, istixanada daha geniş yayılmaqla şitilləri zədələyir. Danadişiyə qarşı mübarizə məqsədilə aldadıcı yem şəkilində zəhərli kimyəvi preparatlardan istifadə edilir. Bunun üçün 25 %-li dursban (4 kiloqram dərman/100 kiloqram kəpəyə aldadıcı yem şəklində) və ya 10 %-li danitol və 5 %-li karate kimi preparatlardan aldadıcı yem (1 kiloqram kəpəyə bu preparatların birindən 20-30 qram) istifadə edilə bilər. Bu preparatlardan hazırlanmış aldadıcı yem şitilliyin 1 m2 sahəsi üçün 50-100 qram hesabı ilə ləklərə verilir.