Sonra hər bir vedrəyə su əlavə edilərək onların səviyyəsi 5 litrə çatdırlır və qarışdırılır. İçərisində 5 litr əhəngli su olan qab qarışdırıla-qarışdırıla bura asta-asta göydaş məhlulu (digər 5 litr) tökülür və qarışdırılır (Şəkil 2.18). Hazırlanmış 1%-li bordo məhlulu süzülür, çiləyici vasitəsilə şitillikdə torpağa çilənir;
- Xlorlu əhənglə (Ca(ClO)2) ilə torpağın dezinfeksiyası. Bu preparat torpaqda olan bir çox xəstəlik və zərərverici törədicilərinə qarşı yüksək dezinfeksiya edicicilik xüsusiyyətinə malikdir. Şitil xanada toxum səpinindən əvvəl 1 m2 torpağa 200 qram xlorlu əhəng səpilir və torpaq bellənir. Yaxud, həmin preparatdan məhlul hazırlanır. Bunun üçün 400 qram xlorlu əhəng götürülür və 10 litr suda qarışdırılır. Məhlul 4 saat saxlanılır və torpağa çilənir;
-
Formalin (formaldehid) məhlulu ilə torpağın dezinfeksiyası. Formalin bir qədər zəhərli preparat olub, torpaqda yaşan həm xeyrli, həm də zərərli orqanizmləri məhv edir. Lakin işçi alətlərin və şitilxananın dezinfeksiyasında xüsusi təsirə malik dezinfeksiya edici prepratdır. İşçi alətlərin və ümumi istixananın dezinfeksiyasında 1 hissə formalin 40 hissə suya qarışdırılır və dezinfeksiya aparılır. Lakin torpağın dezinfeksiyasında isə 1 hissə formalin 100 hissə suya qarışdırılır və torpağa çilənir;
- Dəmir sulfat məhlulu ilə torpağın dezinfeksiyası. Dəmir sulfat da formalin kimi torpaqda yaşan həm xeyrli, həm də zərərli orqanizmləri məhv edir. Lakin formalin ilə müqayisədə dəmir sulfat az toksikli (zəhərli) preparat hesab olunur. Məhlul hazırlamaq üçün 250 qram dəmir sulfat götürülür və 10 litr suda qarışdırılır. Hazır məhlul torpağa çilənir;
- Mixever (təsir edici maddə: Fludioxonil 25 q/l + Metalaxyl-M 10 q/l) kimyəvi preparatı ilə torpağın dezinfeksiyası. Pomidor, xiyar, badımcan və bibər becərilən şitilxanalarda kök çürümə, qara ayaq, fuzarioz soluxması kimi xəstəliklərin torpaqda yayılan törədicilərinə qarşı mübarizədə yüksək dezinfeksiya edicidir. İşçi məhlul hazırlamaq üçün 1 m2 sahə üçün 10 ml normada preparat götürülür, 4 litr suya qarışdırılır və şitillikdə toxum səpinindən əvvəl torpağa çilənir;
- Vydate (təsir edici maddə: oxamil) insektsid-nematosid tərkibli kimyəvi preparat ilə torpağın dezinfeksiyası. Bu preparat toz formalı olub, nematodları və digər torpaq zərərvericilərini məhv edir. Şitilxanada səpindən əvvəl 1000 m2 torpaq sahəsinə 5 kq dərman səpilir və torpaq bellənir;
- HH 10 EMULSİONABLE (təsir edici maddə: Metam sodium 500 q/l) insektsid-nematosid, hətta funqsid və herbsid tərkibli kompleks kimyəvi preparat ilə torpağın dezinfeksiyası. Bu preparat nematodları, torpaqda olan zərərvericiləri, hətta bəzi xəstəlik (kök çürümə, fuzarioz soluxma) törədən göbələkləri və alaq toxumlarını da məhv edir. Preparatın məsarif norması 1 m2 sahə üzrə 60-125 ml təşkil edir. Preparat şitil əkinindən 3 həftə əvvəl tətbiq edilir. Əvvəlcə ləklər 10 sm səviyyəsində su ilə doldurulur. Sonra 1 m2 sahə üçün 10 litr suya 125 ml preparat tökülür, qarışdırılır və hazır işçi məhlul həmin suvarılmış ləklərə çilənir. Torpaq quruduqdan sonra, dərmanın iyinin və qaz birləşmələrinin xaric edilməsi üçün dayaz becərmə aparılır və torpaq havalandırılır. Dərman tətbiq edildikdən 3 həftə sonra toxum və ya şitil əkilə bilər.