A-Gicitkən məhlulu,
B-Bakteriyal gübrə (Fitosporin),
C-Biohumus məhlulu (çayı)
Gicitkən cövhəri ən çox azotla zəngindir, həmçinin onun tərkibində bitki üçün lazım olan digər makro və mikro elementlər vardır. Gicitkən cövhəri ilə yarpaqdan yemləmə apardıqda, bitkilər yaşıl qalır, gumrah olur, bəzi bakteriyal və göbələk mənşəli xəstəliklərə qarşı fitonsidlik xüsusiyyəti vardır, cövhərin xoşagəlməz spesifik iyi hesabına bitkilərə həşəratlar yaxın düşmür, nəticədə şitillər normal və sağlam inkişaf edir (Şəkil 2.17).
Qidalı peyin şirəsi. Bunun üçün paslanmayan materialdan olan qablar, xüsusilə də kapron vedrə və ya çəlləklər götürülür, 1 hissə təzə mal peyininə 10 hissə su (məsələn, 10 kq təzə mal peyini+100 litr su ) tökülür və qarışdırılır. Sonra qabın ağzı kip örtülür, 14 gün ərzində günəşdən qorunan isti yerdə saxlanılır və peyin şirəsi gündə bir dəfə qarışdırılır. Qıcqırma zamanı məhlulun səthində köpüklər əmələ gəlir, 7-10 gündən sonra peyin şirəsinin rəngi dəyişərək şəffaflaşır və iri peyin hissələri məhlulun dibinə çökür. 14 gündən sonra peyin şirəsi istifadə üçün tam hazır olur. Hazır peyin şirəsindən 1 litr götürülür və 10 litr suda qarışdırılır, süzülür və şitillərin üzərinə çilənir. Məhlulun qidalılığını daha da artırmaq üçün bura 500 qram ağac külü və 50-100 qram superfosfat gübrəsi əlavə etmək olar. Peyin şirəsinin tərkibində ən çox azot və qismən də makro-mikro elementlər vardır ki, bu elementlər həll olan formada olmaqla bitkilər tərəfindən asan mənimsənilir, onların boy artımı və ümumi inkişafı normal gedir.
Bakteriyal gübrə. Bunun üçün Fitosporin-M preparatından istifadə olunması daha səmərəlidir (Şəkil 2.17). Fitosporin-M preparatınının tərkibində “bacillius subtillis” bakteriyası (bakteriya 26D ştammında istehsal olunmaqla 1 qram preparatda 2 milyard canlı spor və hüceyrələr mövcuddur).