2.7.2. Şitillərin gübrələnməsi
Şitillərin normal inkişafı və stress amillərinə (xəstəlik, zərərverici, temperatur dəyişmələri və s. ) qarşı davamlılığının artırılması məqsədilə onlar qida maddələri ilə normal təmin edilməlidir. Əslində, şitillər qidalı torpaq qarışığında becərilir. Lakin böyük yaş dövrü ilə müqayisədə şitil dövründə bitkilər vahid quru kütlə əmələ gətirmək üçün daha çox qida maddələri mənimsəyirlər. Bu baxımdan şitillərə 2-3 dəfə yarpaqdan əlavə yemləmə gübrələri verilməlidir. Şitillər həm ləklərdə, həm də dipçək kasetlərin sıx yerləşdiyinə görə həm suvarma, həm də gübrələmə çiləmə üsulu ilə aparılır. Xüsusilə, yarpaqdan gübrələmə zamanı işçi məhlulun sıxlığına (konsentrasiya) diqqət etmək lazımdır. Çünki, məhlulda olan duzların artıqlığı şitilin zəif yarpaqlarını yandırır və bitkinin ümumi inkişafına mənfi təsir göstərir. Bu baxımdan yarpaqdan yemləmə gübrəsi verilərkən işçi məhlulun (gübrə qarışmış qidalı su) tərkibində olan qida maddələrinin (mineral duzlar) konsentrasiyası (miqdarı) 0,5%-ə qədər olmalıdır.