Şəkil 2.13. Torpaq və substratın (hidroponikada) nəmliyinin təyini
- Hər bir suvarmadan sonra torpağın normal nəmlik ehtiyatı onun nisbi rütubət tutumunun 80±5 %-i qədər olmalıdır. Hər bir suvarmadan sonra bu göstərici pomidor, badımcan və bibər bitkiləri üçün 80±5 % həddində olsa da, xiyar şitili altında 85-90% həddində olmalıdır. Çünki, xiyar suya daha çox tələbkardır;
- Xiyar, pomidor və badımcan şitillərinin köçürülməsinə qədər olan 10-15 gün ərzində torpağın normal nəmlik ehtiyatı onun nisbi rütubət tutumunun 60±5 %-i qədər olmalıdır. Xiyar şitilinin köçürülməsinə 1 həftə qalmış torpağın nəmlik ehtiyatı bir qədər aşağı salınır və torpağın normal nəmlik ehtiyatı onun nisbi rütubət tutumunun 70-80 %-i qədər təşkil edir;
- Şitillərin çıxarılması və daimi yerinə köçürülməsi zamanı bitki altında torpağın normal nəmlik ehtiyatı onun nisbi rütubət tutumunun 85±5 %-i qədər olmalıdır.
Suvarma sayı və normaları aşağıdakı kimidir:
- Badımcan və bibər şitilləri orta hesabla 5-6 dəfə suvarılır (səpsuvar və pikirovka suyundan əlavə) və hər dəfə 1 m2 sahə üzrə suvarma norması 12-13 litr/m2 təşkil edir.
- Pomidor şitilləri orta hesabla 5-6 dəfə suvarılır (səpsuvar və pikirovka suyundan əlavə) və hər dəfə suvarma norması 5-7 litr/m2 təşkil edir.
- Xiyar şitilləri orta hesabla 6-8 dəfə suvarılır (səpsuvar və pikirovka suyundan əlavə) və hər dəfə suvarma norması 12-13 litr/m2 təşkil edir.
Qeyd edək ki, şitillər 20-250C temperaturu olan su ilə suvarılmalıdır. Suvarma sayı və norması torpaq-hava şəraitindən, şitillərin yaşından asılı olaraq dəyişə bilər. Xiyar bitkisi daha çox suya tələbkardır. Badımcan və bibər şitilləri xiyara nisbətdə az, pomidorla müqayisədə isə çox su tələb edir. Şitillikdə, xüsusilə də dipçək üsulunda tez-tez suvarmaların təsirindən, temperatur və nəmlik şəraitinin yüksəlməsindən, dipçəyin üst hissəsi torpaqsız qalmasından və s. asılı olaraq xiyar cücərtiləri uzanır, gövdə nazikləşir və yerə yatır (Şəkil 2.14). Bu baxımdan cücərtinin boy artımını nizamlamaq və əlavə köklərin əmələ gəlməsi üçün xiyar şitillərinin dibinə 1-2 dəfə torpaq tökmək məsləhətdir (Şəkil 2.15).