Belə əkində şitillər xeyli zəif inkişaf edir, bitməsi bir neçə gün ləngiyir. Lakin əkilən şitillər iri olduğu üçün sürətlə böyüyür, yetişmə xeyli tezləşir nəticədə, faraş məhsul alınır ki, o da baha qiymətə satılır və daha çox gəlir alınır.
Şitilin qida sahəsi onun keyfiyyətinə təsir edən əsas şərlərdən biridir və onun yaşı ilə sıx əlaqədardır. Qida sahəsinin müvafiq olması şitillərin hava, su, işıqla təmininə səbəb olur. Bu isə şitillərin tünd rəngli, çox uzanmamış, elastiki olmasına imkan yaradır. Belə yüksəkkeyfiyyətli şitillər əkindən sonra sürətlə böyüyür.
Pikirovka. Tərəvəz bitkilərinin şitillərini becə-rərkən bir çox hallarda pikirovka əməliyyatı tətbiq olunur. Pikirovka sözü fransızca “pika” sözündən götürülmüşdür. Bunun mənası ucu şiş deməkdir. Məsələn ağac mıxça, dağ zirvələri. Əvvəllər meyvə bitkilərinin toxmacarlarının kökünün ucunu kəsib yeni sahədə mıxcalarla qazılmış yerə bir qədər seyrək əkirdilər ki, yan köklər çoxalsın və bitki yaxşı böyüsün. Bu əməliyyat pikirovka adlanırdı (Şəkil 2.25.).
Pikirovka əməliyyatında cücərtiləri filqə və ilk həqiqi yarpaq fazalarında sıx bitdiyi yerdən əllə çıxarılıb iri qida sahəsinə əkirlər. Cücərtilər çıxarılarkən çox zərif olan mil kökünün ucu qopub torpaqda qalır. Lakin cücərtilər əkinə qədər çoxlu yan kök əmələ gətirir ki, bu, əkin üçün çıxarılan şitilin köklərində iri torpaq topası (“komu”) qalmasına imkan yaradır. O da cücərtinin daha tez bitməsini təmin edir. Belə bitkilərin kökü çox dərinə getmir və quraqlığa davamlılığı azalır.
Pikirovka etmək üçün əvvəlcə şitilliyin cücərti olan sahəsi yaxşı suvarılır və bitkilər seyrəldilir ki, bitkinin növündən asılı olaraq hər 1 m2-də 200-400 ədəd qalsın.
Çıxarılan cücərtilər yeni şitillik sahəsində pikirovka taxtaları, yaxud markyorları ilə açılmış şırımlara, yalaqlara və ya qidalı kub və dibçəklərin ortasına əkilir, dibi torpaqlanıb yaxşı suvarılır. Bundan sonra temperatur kəskin azaldılır ki, cücərtilər çox uzanmasın. Şitilliyin üst örtüyü isə su ilə yaxşı yuyulub şəffaflaşdırılır ki, işıq yaxşı düşsün.
Şitillərin qidalı kublarda və dibçəklərdə becərilməsi. Bitkidən və məhsulun təyinatından asılı olaraq şitillər 3x3x3sm, 4x4x4 sm, 5x5x5 sm, 6x6x6sm, 7x7x7 sm, 8x8x8 sm, 10x10x10 sm ölçüdə qidalı kub, dibcək yaxud kassetlərdə yetişdirilir ( Şəkil 2.31.).
Şəkil 2.31. Şitil becərilən dibçəklər