Həmin təbəqəni əmələ gətirən üzvi qida qarışığına makro və mikro elementlər, fizioloji aktiv maddələr, bakterial gübrələr, pestisidlər qatmaq olur ki, bunların sayəsində toxumun tarla cücərmə qabiliyyəti 10-20% artır, ilk böyümə tezləşir, məhsul yığımı 5-10 gün tez başlanır. Dənəvərləşdirmə üçün əsas material çökəklik torfudur ki, ona əhəng və mineral gübrələr qatışdırılır.
Toxumun oksigenlə işlənməsi - Şüşə balona su və toxumlar bir yerdə tökülür. Oksigen keçən boru balonun dibinə salınıb oradan oksngen buraxılır və o, suda yayılmış toxum kütləsinin arasından keçərək bayıra çıxır. Oksigenlə işləmək ehtiyat tələb etdiyindən, adətən havadan istifadə olunur. Bu toxumun cücərməsini sürətləndirir.
Tomumun suda isladılması - Səpin vaxtı gecikdikdə bütün bitkilərin toxumları isladılmalıdır. İslanmış toxumlar səpindən sonra daha tez cücərir (2.19).
Toxumlar isladıldıqda, 25-30°C temperaturu olan isti sudan istifadə edilməlidir. Kərəviz və qırxbuğum fəsiləsi bitkilərinin toxumları suda 2-3 sutka, soğanlar və tərəçiçəklilər fəsiləsi bitkilərinin toxumları 1-2 sutka, kələmlər fəsiləsinə aid bitkilərin toxumları 8-12 saat, kahı bitkisinin toxumu isə 2-4 saat müddətində isladılır. Suyun miqdarı toxumun havada quru çəkisinin miqdarı qədər tələb olunur: Iri toxumlar kisələrdə axar suya salınır, sonra çıxarılıb havada asılı saxlanır, suyu quruyana yaxın yenidən suya salınır və çıxarılıb asılır.
Toxumun cücərdilməsi - Səpinin vaxtı çox gecikdikdə torpaq və hava normal temperaturda olarsa islanmış toxumları qısa müddətə yüksək temperaturda saxlayıb cücərdib səpmək lazımdır (Şəkil 2.20.).
Toxumu cücərtmək üçün soyuğadavamlı bitkilərin toxu-muna 15-20°C temperatur, istiyə tələbkarlardan ötrü 25-30° C olmalıdır. Belə temperaturda kök, çəfəri toxumu 5-7, çuğundur toxumu isə 4-5 günə cücərir.
Toxuma başqa materialların qatılması- Tərəvəz bitkilərinin toxumları xırda olduğu üçün hər hektara az səpin norması müəyyən olunur. Belə az normanı isə maşınla hər hektara normal səpmək olmur. Ona görə toxumun həcmini artırmaq üçün onu 1:2 və 1:3 nisbətində özü irilikdə qumla, narın ağac kəpəyi ilə və s. materiallarla qarışdırırlar.
Yaxşı olar ki, hər növün eyni sortunun toxumunu iriliyinə görə seçdikdə qalan xırda və köhnə toxumları qovurub səpin toxumunun normasını təyin etdikdən sonra həcmi artırmaq məqsədilə ona 2-3 dəfə artıq qarışdırılsın.
Quru toxumun isladılmışla qarışdırılması - Eyni sortun hər hektara səpiləcək toxum normasının bir yarısı isladılır, digəri isə quru halda bir-birinə qatışdırıb səpilir. Belə halda su çatışmazlığından, yaxud soyuqdan toxumların və ya cücərtilərin bir hissəsi məhv olsa onun qalan hissəsi cücərib əkinin normal sıxlığını təmin edir.