Toxumlar böyük uducu səthə malik olduqlarından, onlar asanlıqla havanın su buxarlarını udaraq nəmlənirlər. Ona görə də nəmliyin yüksəlməsi nəticəsində toxumlar yana bilərlər.
Yaxşı saxlama şəraitində toxumlar cücərmə qabiliyyətini 5 ilə qədər saxlayır. Uzun müddət saxlamaq üçün toxumların nəmliyi 7-8, saxlama yerində havanın rütubəti isə 55%-dən az olmalıdır.
Toxumun cücərmə qabiliyyəti, onun saxlanma şəraiti və yaşından (saxlama dövrü) çox asılıdır. Saxlanma müddətində toxumlar tədriçən özlərində olan ehtiyat qida maddəsini tənəffüsə sərf edib bir neçə ildən sonra cücərmə qabiliyyətini itirir. Quru, havası dəyişilən binalarda toxumlar 4-5 il cücərmə qabiliyyətini saxlayır. Əksər bitkilərin təzə tədarük edilmiş toxumları daha yaxşı cücərmə qabiliyyətinə malik olur.
2.5. Toxumun cücərmə şəraiti və səpinə hazırlanması
Toxumui şişməsi və cücərməsi üçün aşağıdakı şərtlər lazımdır:
• Toxumun özünün cücərmə qabiliyyəti olması;
• Hər növ üçün heç olmazsa minimum miqdarda rütubət;
• Hər növ üçün ən azı minimum istilik;
• Havanın sərbəst daxil olması.
Ehtiyat qida maddəsi və sağlam olan toxum lazımi temperatur və su olduqda suyu ozünə çəkib şişməyə başlayır (Şəkil 2.11.).
Suyun və istiliyin təsirilə qida maddələri parçalanıb mürəkkəb birləşmələrdən sadə birləşməyə çevrilir və rüşeymi qidalandırıb böyüdür. Toxumun ehtiyat qidası qurtaranadək cücərtı həm assimilyasiyadan (üzvi maddə sintezi) alınan yeni maddələrlə, həm də toxumun ehtiyat qidası ilə qidalanır.
İstiyə tələbkar bitkilərin toxumu 10-13°C, soyuğa davamlı bitkilərin toxumu 0° C -dən- 7° C -dək temperaturda cücərir. Belə minimum (aşağı) temperaturda cücərmə çox ləng gedir. Bütün bitkilərin toxumları +20°, +25°C temperaturda sürətlə cücərir, lakin cücərmə 4-14°C temperaturda başlayır. Cəfəri, razyana və şüyüd toxumları ləng cücərir. Onların ilk cücərtisi səpindən 13-15 gün sonra və daha gec baş verir.
Cəfəri toxumları havada quru çəkisinin 70-75%-i qədər və daha çox, toxumlar üçün 100- 110%-i qədər rütubət tələb olunur. Rütubət artdıqca istiliyə və havaya (oksigenə) tələbat daha da artır. Çünki cücərmə sürətlənir.
Əksinə su çox olduqda temperatur aşağı olsa və hava daxil olmasa toxumlar çürüyə bilər.
Toxumun cücərməsi üçün tələb olunan şəraiti tarlada yaradırlar. Bunun üçün torpağın və toxumun səpinə düzgün hazırlanması, vaxtında səp-suvar aparılması, lazım gəldikdə torpağın yumşaldılması çox vacibdir. Tarlada nə qədər əlverişli şərait yaradılsa da toxumun orada cücərməsi laboratoriyadakından 20-30% az olur. Bunu nəzərə alaraq hər hektara səpin norması bir qədər artıq götürülür.