Toxumun qablaşdırılması. Təmizlənmiş və çeşidlərə ayrılmış toxumlar nömrələnir, etiket yazıldıqdan sonra təmiz və təzə kisələr tökülür. Etiket həm kisənin daxilinə qoyulur, həm də xaricinə yapışdırılır və toxumçu aqronom etiketlərə qol çəkir. Sonra kisələr surquclanır. Hazırlanan toxumlar təhvil verildikdə sortun şəhadətnaməsi də verilir.
Ədviyyat, bitki çayları və dərman bitkilərinin toxumlarının saxlanmasının 2 üsulu mövcuddur:
➢ | açıq |
➢ | bağlı. |
Açıq üsulla saxlamada toxumlar hava və nəmliyi asan buraxan bir və ya ikiqat kətan və ya kəndir kisələrdə qablaşdırılır.
Bağlı üsulda toxumlar nəmliyi buraxmayan qablara yerləşdirilir (Şəkil 2.9.). Bu məqsədlə içəri qatı polietilen pərdə olan parça kisələr və ya polietilen konteynerlərdən (qutulardan) istifadə olunması məsləhət görülür. Polietilen pərdə toxumlar üçün zərərli deyil, fizioloji və kimyəvi davamlı olub, iysizdir və kif göbələklərinin təsirinə məruz qalmırlar. Onlar praktik olaraq su və buxarları keçirmir, oksigen və karbon qazını isə buraxırlar.
Toxumların bağlı üsulla saxlanması çox səmərəlidir. İstehsalat şəraitində bağlı üsulla saxlanılan və nəmliyi 6,1%- li şüyüd toxumları 10 il ərzində cücərmə qabiliyyətini saxlamışlar.
Təcrübələr göstərmişdir ki, toxumlarının saxlanması ancaq qaz mühitinin tərkibindən deyil, həm də ətraf mühitin temperaturundan asılıdır. 25°C temperaturda toxumların cücərmə qabiliyyəti 2 ay saxlanandan sonra sıfıra endiyi halda, 5°C-də tənzimlənən qaz mühitində 3 ay ərzində əvvəlki vəziyyətində qalmışlar. Toxumların bağlı (hermetik) üsulla saxlanmasında havanın və toxumun nəmliyi arasında daimi rejim yaranır. Toxumların qurudulması (susuzlaşdırılması, az nəmliyə çatdırılması) onların uzun müddət saxlanmasına şərait yaradır, amma bunun da müəyyən həddi vardır.
Uzun müddət saxlamaq üçün nəzərdə tutulan toxumların nəmliyi 6% -ə yaxın, anbarlarda havanın rütubəti isə 65% olmalıdır. Toxumlar açıq üsulla saxlandıqda (kisələrdə) onlar nəmliklərindən asılı olmayaraq, cücərmə qabiliyyətlərini tez itirirlər. Onların həyat qabiliyyətlərini tez itirmələrinin əsas səbəbi ətraf mühitin dəyişən şəraitinə çox həssas olmalarıdır. Ona görə də yaxşı qurudulduqdan sonra toxumlar hermetik qablaşdırılmış şəkildə saxlanmalıdır. Toxumların nəmliyi yüksək olarsa, onların saxlandığı yerin temperaturu aşağı olmalıdır. Toxumlar anbar şəraitində cücərmə qabiliyyətini 4-5 il saxlayır. Bu toxumları uzun müddət saxlamaq üçün onların nəmliyi 8%, anbarda havanın rütubəti 55%-dən aşağı olmalıdır.
Cəfəri toxumları lazımi səviyyədə saxlandıqda cücərmə qabiliyyətini 2-3 il saxlaya bilər. Anbar şəraitində cəfəri toxumları 5 il müddətində cücərmə qabiliyyətini saxlayır. Cəfəri toxumlarını uzun müddət saxlamaq üçün onların nəmliyi 7-8%, saxlandığı yerin havasının rütubəti isə 55%-dən yüksək olmamalıdır.