Toxumun kütləsi. Ölçüsündən və həcmindən başqa, toxumun iriliyi onun kütləsi ilə də ifadə oluna bilər. Belə ki, kütlə ölçülərlə sıx əlaqəlidir. Toxumların iriliyi, yəni 1 qramda toxumun sayını müəyyən etmək üçün hər növ bitkinin, yaxud cədvəldə göstərilən hər qrupdan bir növün toxumundan 1 q çəkib sayılır. Toxumun iriliyi, xüsusi çəkisi sabit deyil. Onlar ana bitkidə toxumun harada yerləşməsindən və becərildiyi şəraitdən (iqlim şəraiti və aqrotexnikadan) asılı olaraq kəskin surətdə dəyişir. Toxumun iriliyi rüşeymin inkişafinda böyük rol oynayan qida maddələri ehtiyatının miqdarını göstərir. Ədviyyat, bitki çayları və dərman bitkilərinin toxumları həcmi görünüşünə görə yastı, düzgün olmayan kələ-kötür, kürəvi (kişniş), yastı-şişkin (cəfəri, razyana), lövhəvari (şüyüd, baldırğan), üçüzlü (quzuqulagı, sogan, kəvər) ola bilər.
Ədviyyat, bitki çayları və dərman bitkilərinin toxumları ümumi görünüşünə görə (formasına) kənarı girintili-çıxıntılı (ispanaq, çuğundur), yastı-oval (şüyüd, havuc), kürəvi (qulançar), oval-yumurtavari (cəfəri), dartılmış iyvari (kahı), künclü-bucaqlı (soğan, kərəviz, quzuqulağı, rəvənd) və s. ola bilər.
Tərəvəz bitkilərində toxumların səthi, qırışıqlı (kəvər, soğan), çökəkli (qulançar), zolaq tipli, qabırğalı (cəfəri, havuc, şüyüd, kərəviz), nahamar (ispanaq) və s. ola bilər.
Tərəvəz bitkilərinin toxumlarının rəngi olduqca müxtəlifdir. Boz (cəfəri, şüyüd), qırmızıqonur, qonur şabalıdı (havuc, kərəviz), qara (soğan, qulançar), bozumtul-qırmızı, kərpici- qırmızı və s. olur (Şəkil 2.6.).
Şaxta vurmuş toxumlar. Yetişmə dövründə şaxta ilə zədələnən, asanlıqla qabığından ayrılan və səthi qırışıq olan toxumlara şaxta vurmuş toxumlar deyilir. Belə hallar əsasən Sibirdə və Şimali Qazaxıstanda qeydə alınır
Bir sıra bitkilərin toxumlarında onları digərlərindən fərqləndirən xarakterik nişanə olur. Məsələn: cəfəri toxumlarında buruncuq çıxıntı, kök toxumunda sərt tükcük-kirpiklər, şüyüddə qanad və s.
Toxumun həcmi görünüşü və formasını ona diqqətlə baxmaqla və
metodık göstərişdən istifadə etməklə aydınlaşdırmaq lazımdır.
Toxumun rəngini və səthinin xüsusiyyətini öyrənmək üçün lupa altında toxuma baxmaq, iyini isə orqanoleptik üsulla (əzib iyləməklə) təyin etmək lazımdır. Toxumun ümumi görünüşünü lupadan istifadə edərək böyüdülmüş halda çəkmək lazımdır.
Ədviyyat, bitki çayları və dərman bitkilərinin toxumları yuxarıda göstərilən morfoloji xüsusiyyətləri ilə yanaşı, özlərinə məxsus ətirlərlərinə ğörə də bir-birindən fərqlənir. Məs., keşniş, şüyüd, razyana, cəfəri, reyhan, mərzə və s. hər biri özünə məxsus ətrə malikdir. Elə bu ətrə görə toxumları tanımaq olar (bunun üçün toxumu diş altında əzmək lazımdır).