1.4. Ədviyyat, bitki çayları və dərman bitkilərinin qruplaşdırılması
Respublikamızın yabanı florasında 4557 növ ali bitkiyə rast gəlinir ki, bu da bütövlükdə Qafqazın təbii florasında olan ali bitki növlərinin (6350 növ, Vojtech Holubec, Pavel Krivka, 2006) 70 %-dən çoxunu təşkil edir. Halbuki, ərazicə Azərbaycan Qafqazın təxminən 16 %-i qədərdir. Bu zənginlik respublikanın təbii-tarixi və fiziki-coğrafi şəraitinin müxtəlifliyi ilə izah edilir. Təxmini hesablamaya görə Azərbaycanda təbii bitən çiçəkli bitkilərin 1500 növündən çoxu xalq təsərrüfatının müxtəlif sahələrində istifadə oluna bilər. Başlıca məqsəd bu zəngin təbii sərvətdən səmərəli istifadə etmək və onu mühafizə edib, gələcək nəsillərə saxlamaqdan ibarətdir.
Floramızın tərkibində bioloji aktiv maddələrlə zəngin yabanı tərəvəz bitkiləri olduqca çoxdur. Tərəvəzlər kompleks göstəricilərinə görə vegetativ və generativ tərəvəzlərə ayrılmaqla təsnif edilirlər. Vegetativ tərəvəzlərin yeyilən hissəsi bitkinin müxtəlif vegetativ orqanlarıdır, yəni kökü, zoğu, yarpağı və saplağıdır. Vegetativ tərəvəzlər 7 yarımqrupa bölünür. Vegetativ tərəvəzlərin bir yarımqurupu da ədviyyəli göyərtilərdir ki, buraya şüyüd, nanə, reyhan, tərxun, keşniş, dağ keşnişi, yarpız, dağ nanəsi, cəfəri və kərəvizin yaşıl yarpaqları aiddir. Respublikamızda 500 növdən artıq yeməli və ədviyyə bitkiləri yayılmışdır. Bunlar 80 fəsilə, 108 cins daxilində birləşərək, ümumi floranın 11 %-ni təşkil edir.
Qida məhsullarına qatqıların əlavə edilməsi (tünd, acı, turş, ətirli) onların dad və tamını yaxşılaşdırır, qidanın həzm olunmasını, mənimsənilməsini asanlaşdırır. Belə maddələr becərilən və yabanı halda yayılan bitkilərin tərkibində olur. Bu bitkilər ətirli ədviyyat bitkisi adlanır. Ətirli və dadlı maddələr bitkinin müxtəlif hissələrində toplandığına görə onları aşağıdakı qaydada qruplara ayırmaq olar:
1. Toxumu istifadə edilən ətirli ədviyyat bitkiləri. Bu qrupa ən çox çətirçiçəklilər, az miqdarda xaççiçəklilər, dodaqçiçəklilər fəsiləsinə aid olan bitkilər aiddir: cirə, zirə, keşniş, razyana, qara istiot, ətirli istiot, hil, xardal, küncüt, şənbəllə, güldəfnə.
2. Yarpağı istifadə edilən ətirli ədviyyat bitkiləri (dəfnə yarpağı, şüyüd, nanə, acı bolu, yarpız, cəfəri, kərəviz, çuğundur, keşniş, xiyarotu, cacıq, çaşır, əvəlik, heyva, üzüm, adaçayı və s.).
3. Ətirli ot bitkiləri. Bu bitkilərin torpaq üzərində olan bütün hissələri qidaya qatılır: reyhan, rozmarin, mərzə, dağnanəsi, yarpız, keşniş, qazayağı, cəfəri, əvəlik, uşqun (rəvənd), turşəng və s.
4. Çiçək hissəsi istifadə olunan ətirli ədviyyat bitkiləri (zəfəran, sarıçiçək, nanə, çödükotu, gülümbahar, sabahgülü, kəklikotu, baldırğan, və s.).
5. Kökü istifadə edilən ətirli ədviyyat bitkiləri (cəfəri, şalğam, cırhavuc, kərəviz, qıtıqotu, sarıkök, qətran, pıtrağ, zəncirotu, zəncəfil, kök, çuğundur, turp və s.).
6. Soğanağı istifadə edilən ətirli ədviyyat bitkiləri (soğan, sarımsaq, səhləb
Belə təsnifatı əslində bir o qədər də düzgün hesab etmək olmaz. Çünki eyni bitkinin həm kökü, həm yarpağı, həm də toxumu istifadə edilir. Ona görə də eyni ədviyyat bitkisinin adı bir neçə qrupda çəkilə bilər.
Göründüyü kimi, ətirli ədviyyat bitkiləri və onların istifadə olunan hissələri çoxdur və ona görə də müxtəlif əlamətlərinə əsasən təsnifləşdirilir. Ətirli ədviyyat alınmasına görə altı qrupa bölünür.