Muskat cövüzünün tərkibində 8-12% efir yağı vardır. Efir yağının tərkibində pinen və kamfen (80%), linallol, geraniol, safrol, terpineol, miristin turşusu (C14H28O2) vardır. Muskat çiçəyində isə 6-12% efir yağı olur.
Qara istiota kəskin acı dad verən maddə alkaloid piperin və piperidindir. Onun tərkibində 1,2-3,6% efir yağı vardır. Efir yağı tərkibcə α- və β— pinen, limonen, kariofilen, dehidrokarveol piperonal (C8H6O3), fellandren və seksviterpenlərdən ibarətdir. Piperin (C17H12NO3) 7,3%-ə qədərdir. Piperinin hidrolizindən 0,8%-ə qədər piperidin (C5H11N) əmələ gəlir. Piperin kristal şəklində maddə olub suda çətin, spirtdə asanlıqla həll olur.
Ətirli istiotun tərkibində 3-4% efir yağı vardır ki, bunun da 60-80%-i evgenolun (C10H12O2) və ona yaxın fenolların payına düşür. Bu efir yağı mixək, muskat cəvizi və darçın efir yağına oxşar ətir verir.
Vanil meyvəsinin tərkibində olan qlükovanilin qlükozidi β-qlükozidaza fermentinin təsirindən parçalanaraq qlükoza və vanilinə (C8H8O3) çevrilir. Bunun çox ətirliyi sərbəst vanilinin olmasıdır. Vanilin tərkibində quruluşca vanilinə oxşar piperonal (C6H6O3) maddəsi də olur, lakin vanil ətrinə malik deyildir. Vanilin maddəsinin miqdarı 0,75%-dən 2,9%-ə qədərdir.
Hilin toxumunda efir yagının miqdarı 3-8%-ə qədər olduğu halda, qabıq hissədə 0,1-0,7%- dir. Qabıq hissədə 28-31% sellüloza və 12-15% minerallı maddə vardır. Hil efir yağının əsasını (a- terpineol, a- limonen, sineol, terpinalasetat təşkil edir. Hil quruducu xassəyə malikdir, bədənə istilik verir, həzmi yaxşılaşdırır, ürəyi və mədəni möhkəmləndirir, əhval-ruhiyyəni yaxşılaşdırır. Tər iyini aparır, ağız qoxusunu ətirləndirir. Hildən mədə qazı, ürəkbulanma, qaraciyər ağrısı, böyrək xəstəlikləri zamanı istifadə etmək məsləhətdir. Onu toz halında buruna çəkərək asqırmaqla müxtəlif baş ağrılarını sakitləşdirmək mümkündür.
Mixəkdə ətirli maddələrin miqdarı 15-20%-ə qədərdir. Efir yağı əsasən çiçəyinin yuxarı hissəsində (18%) epidermis təbəqəsində toplanmışdır. Sütuncuq hissədə isə 5-6%-dir. Mixəyin tərkibində olan efir yağının əsasını evgenol (70-90%) maddəsi təşkil edir. Mixəyin dəyəri evgenolun (C10H12O2) miqdarı ilə ölçülür. Bu ağımtıl-sarı rəngli duru mayedir. Suda həll olmur, üzvi həlledicilərdə isə yaxşı həll olur.
Darçının tərkibində 1,5% efir yağı vardır. Əsasını darçın aldehidi (65-70%) təşkil edir. Bundan başqa darçının tərkibində evgenol, benzaldehid, simol, hidrodarçın və kumin aldehidi, fellandren, kamfen, kariofillen vardır.
Zəncəfil kəskin xoş ətrə və yandırıcı tama malikdir. Tərkibində 1,5-3,5% efir yağı vardır. Əsasını hinqerol (C17H26O4), sinqeberen (C15H24), kamfen, fellandren və sinqiberol spirti təşkil edir.
Zəncəfil bədənə istilik gətirir, quruducu xassəyə malikdir, həzmə kömək edir, köpün qarşısını alır, qaraciyər və mədənin fəaliyyətini yaxşılaşdırır, möhkəmlədir. Soyuqdəymə, iflic və sarılıq zamanı zəncəfil işlətmək profllaktik əhəmiyyətə malikdir. Yarıbişmiş yumurta sarısını zəncəfıllə yemək adamı gümrahlaşdırır (qulancar və püstə ilə yemək daha faydalıdır).
Ədviyyələrin orqanizm üçün böyük fizioloji əhəmiyyəti vardır. Mixək və darçın qidanın tam mənimsənilməsinə kömək edir. Muskat cövüzü fitonsid xassəyə malikdir və ona görə də mikroorqanizmlərin həyat fəaliyyətini dayandırır və ya da tamamilə məhv edir
Sənayedə işlədilən və ticarət şəbəkəsində satılan ədviyyələrin çoxu qurudulmuş halda olur. Lakin bəzi ətirli-ədviyyə bitkilərini təzə halda istifadə etmək daha əlverişlidir.