Məsələn, dünyada istehsal olunan keşniş yağının 90%-i, adaçayı yağının 70-75%-i, qızılgül yağının 60%-i bu bölgənin payına düşür.
İstehsal olunan efir yağının 90%-i ətriyyat-kosmetika sənayesində istifadə edilir. Cirə, keşniş, ətirşah, lavanda, nanə, qızılgül və başqa efır yağlarından həm də ətirli maddələr (linalool, geraniol, sitrol və s.) alınmasında istifadə edilir.
Ətirli-ədviyyə bitkilərindən qurudulmuş halda ət və balıq sənayesində, çörək-bulka və qənnadı sənayesində, konserv sənayesində, likör-araq və şərab sənayesində və eləcə də kulinariyada istifadə olunur.
Qeyd etmək lazımdır ki, konserv və yeyinti sənayesi ildə 800 tondan çox ədviyyə sərf edir. Bunun 20%-i vətənimizdə bitən, 80%-i isə xaricdən gətirilən ədviyyənin hesabına ödənilir. Əhalinin qidasında istifadə olunan ətirli-ədviyyə bitkilərinin əsasını xaricdən alınan ədviyyə təşkil edir. Yeyinti sənayesi işçiləri xaricdən alınan ədviyyələri yaxşı tanıdıqları halda, yerli ətirli- ədviyyə bitkiləri haqqında məluımatları çox azdır. Lakin yerli ətirli-ədviyyə bitkilərinin öyrənilməsi, onların yeyinti məhsulları istehsalında tətbiqi və xaricdən alınan ədviyyənin əvəzedicisi kimi istifadə olunması böyük iqtisadi səmərə verə bilər.
Ədviyyələrin dəyəri onların tərkibində olan efır yağlarının, qlükozidlərin və alkaloidlərin miqdarı ilə müəyyən olunur. Yeyinti məhsullarının emalı zamanı onlara lazımi miqdarda ədviyyə əlavə etdikdə, həmin məhsulların dadı və ətri yaxşılaşır. Bu, iştahanın artmasına, sinir sisteminin qıcıqlanmasına, şirə ifraz edən mədə və bağırsaq vəzilərinin fəaliyyətinin artmasına səbəb olur. Bundan başqa, yeyinti məhsullarının tərkibinə qatılmış ədviyyə və tamlı qatqılar onların yaxşı saxlanılmasına da müsbət təsir göstərir. Qidaya qatılan ədviyyə xoş ətri və dadı ilə iştahanı artırır, orqanizmə qəbul olunan qidanın yaxşı həzm olunmasını və tez mənimsənilməsini təmin edir.
Bəzi ətirli-ədviyyə bitkiləri vitaminlə zəngindir. Qırmızı istiotun tərkibində 9-12 mq% provitamin A (karotin) və 380 mq%-ə qədər C vitamini vardır. Qıtıqotunun tərkibində 100-250 mq% C vitamini vardır. Bir çox ədviyyələr fitonsid xassəyə malik olmaqla antiseptik maddə adlanırlar, çünki onların qidada olması mikroorqanizmlərin həyat fəaliyyətini dayandırır və ya tamamilə məhv edir. Zirə, cirə və şüyüd qidanın həzmində zərərli qıcıqlanmaların qarşısını alır. Lakin ədviyyənin normadan artıq işlədilməsi orqanizm üçün zərərlidir. Çünki onların tərkibində qüvvətli təsir qabiliyyətinə malik qlükozidlər və alkaloidlər vardır. Ona görə də, xüsusən uşaqların və xəstələrin qidasında ədviyyədən çox istifadə edilməsinə icazə verilmir.
Ətirli-ədviyyə bitkilərinin bakterisid və antioksidləşdirici xassəsini nəzərə alaraq onlardan konservləşdirmədə də geniş istifadə edilir. Ətirli-ədviyyə bitkiləri konservləşdirilmiş məhsulun dad və ətrini yaxşılaşdırmaqla bərabər, orada gedən bəzi xoşagəlməz qıcqırmaları törədən mikrobların və çürüdücü bakteriyaların fəaliyyətini dayandırır.
Zəfəranın tərkibində orta hesabla 0,8% efir yağı, 3,5% boyaq maddələri vardır. Ümumi efir yağının 40%-ni safranal (C10H14O), 26,5%-ni nitropinenol, 5,5%-ni nonil spirti təşkil edir. Bunlardan başqa zəfəran efir yağında 24-dən çox müxtəlif terpenlər, spirtlər, keton və aldehidlər vardır. Boya maddəsinin əsasını qırmızı rəngli krotsin təşkil edir. Zəfəranın tərkibində karotinoidlərdən α-, β- və γ- karotin, likopin, azafirin, zeaksantin vardır. Zəfəran tellərində Bı və B2 vitaminləri də vardır.