Təcrübə göstərir ki, nəinki ayrı-ayrı ərazilərdə, müxtəlif şəhər və qəsəbələrdə, hətta eyni yaşayış massivində yerləşdiyi konkret ərazidən asılı olaraq eyni vaxtda yetişmiş məhsulların bazar qiymətləri fərqli olur.
Bazar dəyəri anlayışı müəyyən olunmuş tarixdə aparılmış alqı-satqı zamanı qanunamüvafiq surətdə sahiblik hüququnun satıcıdan alıcıya keçməsini ifadə edir.
Həmin proses aşağıdakı şərtlər çərçivəsində baş verir:
• satıcı və alıcı qanun çərçivəsində hərəkət edir;
• hər iki tərəf sövdələşmə barədə yaxşı məlumatlandırılır ki, bu da xüsusi maraqların təmin edilməsi məqsədinə, proqnozlara inamın daha da artması mənafeinə xidmət edir;
• obyekt qənaətbəxş müddət ərzində açıq bazara çıxarılır
• qiymət xüsusi kreditləşmənin və ya tərəflərdən birinin digərinə güzəşt etməsinin nəticəsi deyil;
• ödəniş pul formasında, nağd və hesablaşma yolu ilə aparılır, əlavə şərtlər göstərilmir
Bazar dəyəri bazarda mülkiyyət hüququnun birindən digərinə keçməsi prosesində əks olunan məbləğdir. Bu məbləğ tərəflərin vəziyyəti tam qiymətləndirdiyi, iqtisadi cəhətdən məqsədəuyğun və xarici təsirlərə məruz qalmadığı bazarda həyata keçirilən sövdələşmələrin əsası kimi çıxış edir.
Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında göstərildiyi kimi, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı tə'siri nəticəsində təşəkkül tapan qiyməti deməkdir.
Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində bazar qiymətinin müəyyənləşdirilməsi, onun şərtləri və qaydası ilə bağlı məsələlər ayrıca maddədə (14-cü maddə) nəzərdə tutulmuşdur. Həmin maddənin tələblərinə görə 60 vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti kimi tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir.
Aşağıdakı hallarda vergilər bazar qiyməti nəzərə alınmaqla hesablanır:
• barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda
• təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə
• 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eynicinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə.
Bazar qiyməti məhsul (iş, xidmət) satılan anadək, daha doğrusu, onun satışa təqdim edildiyi andan 30 gün keçənədək (əvvəl və ya sonra) eyni (analoji) məhsul (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Məhsulun (işin, xidmətin) istehsalına və tədavülünə çəkilən məsrəflər müəyyən edilərkən nəqletmə, saxlanma, sığorta və digər analoji məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təklif amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin azaldığı (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır.
Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, habelə reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir.