Ədviyyat dedikdə dərman xüsusiyyətlərinə malik bitkilər başa düşülməlidir. Onlar orqanizmin sağlamlığında mühüm rol oynayırlar. Ədviyyatlar demək olar ki, mahiyyətcə dərman bitkiləri hesab edilir. Ədviyyat bitkiləri ilə dərman bitkiləri arasında heç bir sərhəd qoymaq olmaz. Onların hər birinin ayrı-ayrılıqda müalicəvi xüsusiyyətləri var. Sarımsaq, qıtıqotu, soğan, xardal və s. antibiotik təbiətli bitkilər olub qiymətli müalicəvi təsirə malikdirlər. Mərzə, cəfəri, kərəviz və ardıc böyrəyin fəaliyyətini nizama salır və orqanizmdə olan artıq suyu kənar edir. Mədə şirəsinin ifrazında cirə, razyana, zirə, qıtıqotu, sarıkök, bədrənc, boymadərən mühüm rol oynayırlar. Tüpürcək vəzinin normal fəaliyyətində istiot, xardal, sitrus bitkiləri mühüm əhəmiyyət kəsb edir (Şəkil 1.6.).
Beləliklə, ədviyyat bitkilərinin insan sağlamlığında oynadıqları rollardan çox danışmaq olar. Lakin mütəxəssislər bir sıra ədviyyatlardan çox ehtiyatlı və cüzi miqdarda istifadə etməyi məsləhət görürlər. Çünki bu ədviyyatların içərisində xəstələrə mənfi təsir göstərən xüsusiyyətlərə də rast gəlmək olur. Buna görə də həkimlər xəstələrə ədviyyatlardan istifadə etməməyi və pəhriz saxlamağı məsləhət görürlər. Bir sıra diyetoloqlar xəstələr üçün tərkibində ədviyyat qatılmış qida məhsullarının hazırlanmasına çox diqqət verirlər. Ədviyyatlardan insanlar arasında tez-tez başverən qrip, qızdırma, soyuqdəymə və s. istifadə etməyi məsləhət görürlər. Ədviyyat qatışıqlarının əksəriyyətinin kimyəvi tərkibi tam öyrənilmədiyindən onlardan istifadə edən zaman ehtiyatlı olmaq lazımdır.
Qədim vaxtlardan insanlar öz qidasını müəyyən qədər ədviyyatlı bitkilərdən almışlar. Bu bitkilərin yüksək qidalılığı, pəhriz əhəmiyyəti, dadı, antiseptik və müalicə xassələri keçmişdən məlumdur. Amerika tədqiqatçısı Q.Uebeterin göstərdiyi kimi ədviyyatlı bitkilər Misir, Roma və Yunanıstanda çox qədimdən məlum idi. Eramızdan əvvəl I əsrdə qədim Roma filosofu Publpya Vergiliyanın bağında xeyli ədviyyatlı bitkilər becərilirdi. Eramızın əvvəllərində bu bitkilərdən bəziləri Sezarın döyüşçüləri tərəfindən Britaniyaya gətirilmiş və burada becərilməyə başlanmışdır. Bunların içərisində reyhan, kəklikotu, keşniş, cirə, şüyüd, cəfəri və başqaları var idi. IX əsrdə imperator Böyük Karlın göstərişinə əsasən 70-dən yuxarı ədviyyat bitkiləri Mərkəzi Avropada mədəniləşdirilmişdir.