3.4.2. Bitkiçilikdə tətbiq olunan ekoloji tələblər
“Ekoloji Təmiz Kənd Təsərrüfatı Haqqında” Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikasında əhalinin, torpağın, suyun, bitkilərin və heyvanların sağlamlığını və təhlükəsizliyini təmin edən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə bağlı münasibətləri tənzimləyir. .Bitkiçilikdə tətbiq olunan ekoloji tələblər isə “maddə 7”-də öz əksini tapmışdır.
Maddə 7.
7.0. Bitkiçilikdə aşağıdakı ekoloji tələblərə cavab verən əkinçilik sistemi tətbiq edilir:
7.0.1. torpağın strukturunun saxlanması və təbii münbitliyinin artırılmasının kimyəvi- sintetik (süni) maddələrdən istifadə edilmədən ekoloji üsullarla (növbəli əkin, çürümüş peyin, kompost, yaşıl gübrələr və s.) tənzimlənməsi;
7.0.2. müvafiq aqrotexniki üsulların seçilməsi və yalnız ekoloji cəhətdən təhlükəsiz və tətbiqinə icazə verilmiş təbii və qeyri-təbii vasitələrdən istifadə edilməsi;
7.0.3. növbəli əkinlərdə çoxillik və birillik paxlalı ot bitkilərinin, onların dənli paxlalı bitkilərlə qarışıq səpinlərindən istifadə olunması;
7.0.4. yerli torpaq-iqlim şəraitinə uyğunlaşmış, zərərverici və xəstəliklərə qarşı davamlı olan bitki növlərindən və sortlarından istifadənin genişləndirilməsi;
7.0.5. ekoloji təmiz kənd təsərrüfatına keçmiş və ya keçməkdə olan əkin sahələrinin kimyəvi-sintetik (süni) maddələr tətbiq olunduğu əkin sahələri ilə növbələşdirilməməsi;
7.0.6. toxumçuluqda ən azı bir il, çoxillik bitkilər isə iki il ekoloji təmiz kənd təsərrüfatı subyektlərində becərilmiş və ekoloji tələblərə uyğun sertifikatlaşdırılmış bitkilərdən alınan səpin və əkin materiallarından istifadə olunması;
7.0.7. bitkilərin xəstəlik, zərərverici və alaq otlarından mühafizəsində yalnız aqrotexniki, mexaniki, fiziki və bioloji üsullardan, həmçinin ekoloji təmiz kənd təsərrüfatında tətbiqinə icazə verilmiş digər vasitələrdən istifadə olunması.