2. Xəstəliklərə, zərərvericilərə və alaq otlarına qarşı kimyəvi mübarizə tədbirlərində yalnız təhsili, kurs hazırlığı və təcrübəsi olan şəxslərin iştirak etməsinə icazə verilir. Onlar ən azı ildə bir dəfə təhlükəsizlik tədbirləri barədə mövcud olan məlumatlarla tanış olmalıdırlar.
3. Uşaqlara, 18 yaşına qədər olan cavanlara, hamilə və südəmər uşağı olan qadınlara, xəstə adamlara, 50 yaşdan yuxarı qadınlara və 5 yaşdan yuxarı kişilərə pestisidlərlə işləməyə icazə verilmir.
4. Mübarizə tədbirlərində istifadə edilən preparatların xarakterinə uyğun olaraq müxtəlif fərdi mühafizə vasitələrindən istifadə edilməsi tövsiyə edilir (Şəkil 1).
5. Pestisidlərlə işlədikdə papiros çəkmək, su və qida qəbul etmək qadağandır. Kənar şəxslərin pestisidlər tətbiq edilən yerdə durmasına icazə verilmir.
6. Güclü təsirə və zərərlik xassəsi yüksək olan pestisidlərlə gündə maksimum 4 saat işləmək tövsiyə olunur. Pestisidlərlə işləyənlər süd içməlidirlər və cavabdeh şəxs vəziyyətə nəzarət etməlidir. Şübhəli hal müşahidə olunduqda şikayətçiyə ilk yardım göstərilməlidir. Bütün təsərrüfatlarda dərman qutusu saxlamaq tövsiyyə olunur.
7. Əkin sahəsini zəruriyyət olmadıqda dərmanlamaq qadağandır
8. Bütün hallarda üzərində təyinatı və istifadəyə yararlılıq müddəti göstərilən pestisidlərdən istifadə olunmalıdır. Vaxtı keçmiş pestisidlərin sınaqdan keçirilməsinə icazə verilmir. Pestisidlərdən tarada göstərilən təlimata uyğun istifadə olunmalıdır. Dozanı artırmaq və nəzərdə tutulmadığı halda təkrar dərmanlamaq qadağandır.
9. Əkin sahəsi yalnız məsləhət görülən maddələrlə dərmanlanmalıdır. Məhsul yığımından əvvəl axırıncı dərmanlama vaxtına ciddi əməl olunmalıdır. Dərmanlama bütün hallarda bitkinin və zərərvericilərin biologiyasına uyğun olaraq təklif olunan optimal müddətdə aparılmalıdır.
10. Ədviyyat, bitki çayları və dərman bitkilərinin (şüyüd, cəfəri və s.) pestisidlərlə dərmanlanmasına icazə verilmir. Torpaq ziyanvericilərinə və alaq otlarına qarşı dərmanlanma səpindən qabaq aparılmalıdır.
11. Pestisidləri saxlamaq üçün istifadə olunan anbar, mexaniki qurğuları doldurmaq və bitki toxumalarını dərmanlamaq üçün istifadə olunan meydança yaşayış binasından, heyvandarlıq və quşçuluq fermasından, su mənbəyindən 200-500 m aralıda olmalıdır.
12. Kimyəvi mübarizə aparmağa başlamazdan əvvəl ərazidə olan qonşu təsərrüfatlar tətbiq olunan preparat haqqında, onun dozası, məqsədi, miqdarı tətbiq qaydası haqqında xəbərdar edilməlidir. Sahənin sərhəddi xəbərdaredici işarələrlə fərqləndirilməlidir. Arıçılıq təsərrüfatları da xəbərdarlıq edilməlidir.
13. Sahə mexaniki əl qurğusu ilə maksimum eytiyyatla dərmanlanmalıdır. İş zamanı evin qapı və pəncərələri örtülməli, su mənbələri və heyvan yemləri zəhərli maddələrdən qorunmalıdır.
14. Sahənin dərmanlanması səhər tezdən və axşam saatlarında aparılmalıdır.
15. Dərmanlanmış sahədə yalnız 3-5 gün keçdikdən sonra işləməyə icazə verilir.