Kəpəyi torpaqla birlikdə lay-lay yığmaq faydalıdır. Yay ərzində yığılmış bitki qalıqlarını da əlavə etməklə topanı iki dəfə qarışdırırlar. Kəpək turş reaksiyalı olduğu üçün ona əhəng və ya təbaşir (bir vedrəyə 120-150 q) əlavə edirlər. Üzvi gübrə kimi istifadə üçün ağacqabığı (meşə təsərrüfatı və ya ağac emalı sənayesinin tullantıları) kompostlaşdırılır. Qabığı (75% nəmlikdə) 10-40 sm uzunluqda xırdalayıb digər üzvi materiallarla qarışdıraraq kompostlaşdırırlar.
Kompostları - müxtəlif üzvi materiallardan hazırlayırlar. Zərərverici və xəstəliklərlə zədələnməmiş bitki qalıqlarını, quş zılını, peyni və digər materialları düz səth üzərində arasını çim torpaq və ya torfla laylaşdıraraq yumşaq topaya yığırlar (qalaq). Topanın (qalağın) alt hissəsini 10-12 sm qalınlıqda yarpaqlardan, kəpəkdən və ya torfdan ibarət döşəmə təşkil edir.
Maye yaşıl gübrələr - Maye yaşıl gübrə ekoloji kənd təsərrüfatında kifayət qədər geniş tətbiq olunur. Belə gübrələr bitki tərəfindən asan mənimsənilir və onlar bitkilərin intensiv boy atmasını təmin edir. Maye yaşıl gübrə müxtəlif bitkilərdən (məsələn: gicitkən, xəndəkotu və s.) hazırlanır. Onun tərkibində çoxlu miqdarda azot və kalium elementləri vardır. Bu gübrələrdən bitkilərin suvarılmasında birbaşa kökdən, onun duruldulmuş cövhərini bitki üzərinə çiləməklə yarpaqları vasitəsilə kökdən kənar yemləmə həyata keçirilir. Maye bitki gübrəsi ilə çiləmə ekoloji təsərrüfatlarda səmərəli üsullardan biri sayılır. Yarpaqların çilənməsi 2-3 həftədən bir aparılır.
Ədviyyat, bitki çayları və dərman bitkiləri torpağın münbitliyinə, strukturuna çox tələbkar olduğundan, peyinlə (və ya digər üzvi gübrə ilə) və ya üzvi çürüntülərlə zəngin torpaqlarda bitir. Bu səbəbdən də peyin və üzvü çürüntülərlə zəngin torpaqlarda becərilən ədviyyat, bitki çayları və dərman bitkilərinin becərilməsində mineral gübrələrdən istifadəyə ehtiyac yoxdur.
Tərxun bitkisi üçün düzəldilmiş bir hektar sahəyə 50-60 ton üzvi gübrə, nanə bitkisinə əsas gübrə kimi hektara 20-60 ton peyin üzvi gübrəsi verilməlidir.
Gicitkən bitkisindən maye gübrənin hazırlanması
Bu gübrə yazda və yayda yaşıl gicitkən kütləsindən hazırlanır. Gübrənin hazırlanması zamanı ağac, plastmas, gil və ya şirəli qablardan istifadə olunur. Metal qablardan istifadə etmək məsləhət görülmür, ona görə ki, gicitkənin cövhəri metalla reaksiyaya girə bilər. Bir kq təzə gicitkənin doğranmış kütləsinin 10 litr su olan qaba tökərək saxlayırlar. Yaxşı olar ki, yağış suyu, çökdürülmüş su yaxud günəş altında isidilmiş sudan istifadə olunsun. Qıcqırma prosesi qurtarana qədər cövhərin içərisinə xırda cür-cücü düşməməsi üçün qabın ağzını torla örtmək lazımdır. Qabda saxlanan kütləni hər gün yaxşı qarışdırmaq zəruridir. Parçalanma prosesi getdiyi üçün cövhərin xoşagəlməz iyi olur. Bu iyi aradan qaldırmaq üçün qarışığın üzərinə bir çimdik daş tozu, yaxud 50 qr valerian ekstraktı əlavə etmək məsləhətdir.