Bitkilər zəif böyudükdə azotlu və kaliumlu gübrələrin qarışığı ilə yemləmə aparılır. Kalium gübrəsi həmdə bitkilərin xəstəliklərə qarşı müqavimətini artırır. Yemləmə məqsədilə hektara cərgəaralarına 200 kq ammonium şorası və 100 kq kalium gübrəsinin qarışığı verilir, torpaqla qarışdırılır və sahə suvarılır. Bu iş məhsul yığımına azı 15-20 gün qalmış görülməlidir.
Tərxun bitkisi üçün düzəldilmiş bir hektar sahəyə oktyabr-noyabr aylarında 50-60 ton üzvi gübrə, 300-400 kq şuperfosfat, 100 kq kalium gübrəsi verib arxasınca 30-35 sm dərinliyində şumlanmalıdır.
Nanə bitkisinə əsas gübrə kimi hektara 20-60 ton peyin N45 P45 K45 dozasında mineral gübrələrlə birlikdə yaxud da hektara 90-120 kq hesabı ilə azot, fosfor və kalium gübrələri verilməlidir.
Razyana bitkisi altına ancaq mineral gübrələrin verilməsi məsləhət görülür. Əsas gübrə kimi 40-50 kq fosfor və kalium gübrələri verilir. Azot gübrəsi (N40- 50 kq) isə yazda kultivasiya altına verilir.
Reyhan qida maddələrinə çox tələbkardır. Hektardan 20 ton kütlə məhsulu verərsə, torpaqdan 110 kq azot, 22 kq fosfor və 211 kq kalium aparır. Qida maddələrinin çox hissəsi qönçələmədən texniki yetişkənliyə qədər olan müddətdə sərf edilir.
Kərəviz bitkisinə hər biçildikdən sonra (yarpaq forması) yemləmə gübrəsi verilməlidir. Kökmeyvəli forması becərilən sahələrə isə kompleks gübrə tətbiq edilməlidir.
Cəfəri bitkisinə - yemləmə gübrəsini birinci seyrəltmədən dərhal sonra tətbiq etmək lazımdır. Bunun üçün 1 m2 sahəyə 10 qram amonium şorası, 10 qram superfosfat və 30 qram kalium duzu tətbiq edilir. Mineral gübrəni küllə də əvəz etmək olar.
Qeyd: ədviyyat, bitki çayları və dərman bitkilərinin becərilməsində (xüsusilə həyatyanı sahələrdə) yüksək dozalarda mineral gübrədən istifadə məsləhət deyil. Tam təbii və sağlam yetişdirilmiş göyərtiləri uzun müddət saxlamaq mümkündür. Sadəcə rəngləri saralır. Lakin gübrələnmiş ədviyyat, bitki çayları və dərman bitkiləri qısa müddətdə istifadə olunmazsa sulanmağa və pis qoxu verməyə başlayır.
Kökündən istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkiləri ilk inkişaf dövründə azota, kökmeyvəsinin əmələ gəldiyi və formalaşdığı dövürdə isə kalium və fosfora təlabat göstərir. Həmçinin kaliumlu gübrələrin tətbiqi kökümeyvəli ədviyyat, bitki çayları və dərman bitkilərinin məhsuldarlığına və məhsulun keyfiyyətinin yaxşılaşmasına səbəb olur.
Kökündən istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkiləri əkiləcək sahəyə azotlu gübrələrdən natrium şorasının verilməsi daha səmərəlidir. Çünki, nartium ionları karbohidratların yarpaqlardan kökə axınına müsbət təsir göstərir və nəticədə şəkərin miqdarı artır.
Unutma!
Suvarılan sahələrdə və şoran torpaqlarda natrium şorasını tətbiq etmək olmaz.