Şırım üsulu ilə (öz axını) suvarmada torpağın 40-50 sm qalınlıqda qatı islanır və hər dəfə suvarmada bir hektar sahəyə 200-700 m3 su verilir. Maillik 0,002-dən az olduqda uzunluğu 40-60 m, dərinliyi 18-25 sm olan ucu bağlı şırımlarla, maillik çox olduqda və yüngül torpaqda isə dərinliyi 12-16 sm olan axıdıcı uzun şırımlarla suvarmaq lazımdır. Kökündən istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkiləri cərgəvi üsulla, yarpağından istifadə edilənlər isə şırım üsulu ilə suvarılır.
Süni yağış yağdırma üsulu bütün ədviyyat, bitki çayları və dərman bitkiləri əkilən bölgələrdə tətbiq edilə bilir. Yarpağından istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkiləri şitil əkinində, habelə relyefi düz olmayan sahələrdə, qumlu yerlərdə süni yağış yağdırma ilə suvarma daha vacibdir. Bu üsulda həm hava, həm də torpaq bərabər islanır.