Təzə biçilmiş otla yağmurlu hava şəraitində mulçalama aparmaq olmaz! Biçilən bitkilər toxumsuz olmalıdır!
Xəzəl - əvvəlki bəndin xəbərdarlığını yaddan çıxarmayın. Bundan əlavə, bu materialla küləkli havada və ya küləkli sahədə, ümumiyyətlə, mulçalamanın aparılması əhəmiyyətsizdir. Lakin ən başlıcası, əksər bitkilərin yarpağı torpaqda turşuluğu artırır.
Tərkibində digər bitki və mikroorqanizmlər üçün toksiki maddələr olan bitkilərin (söyüd gülü, qara bəngotu, gənəgərçək) və ya fıtonsidlərin (evkalipt, dəfnə, şabalıd, ardıc, akasiya, yunan qozu, sərv ağacı) yarpaqları ilə mulçalama aparmaq olmaz;
Qara sellofan - torpağı gübrələmir və ən başlıcası, baha başa gəlir (sellofan bir ildən sonra çatlayır və cırılır).
Mulçalamanın altı əsas qaydası:
❖ Mulçalamadan əvvəl torpağı yumşaltmaq lazımdır;
❖ Biçin qalıqları, kəsilmiş budaqlar və digər oxşar material ilə mulçalama aparmadan əvvəl onları bir qədər xırdalamaq lazımdır. Qalıqlar nə qədər xırda olsa, o qədər tez çürüyüb torpağı gübrələyər.
❖ Yaşıl material ilə mulçalama zamanı onu nazik layla və tez-tez yeniləşdirərək istifadə etmək lazımdır.
❖ Quru material ilə quraq iqlim şəraitində mulçalama zamanı (onu qalın layla döşəmək olar) onu nəmləndirmək (daha yaxşı olar ki, maye gübrələrlə) lazımdır;
❖ Tədbiri həyata keçirərkən mədəni bitkinin mulça altında qalmamasına diqqət yetirin;
❖ Mulçanın tərkibində alaq otlarının toxumları, eləcə də zərərverici, xəstəliklər və toksiki maddələr olmamalıdır.
Qeyd: Ümumi qulluq işlərinə daxil olan suvarma, gübrələmə, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri gələcək təlim elementlərində öz əksini tapacaq.
3.5. | Yarpaqlı və kökümeyvəli tərəvəz əkinlərində yayılmış alaq otları və onlara qarşı mübarizə tədbirləri |
Əkin sahələrində yayılmaqla onları zibilləyən və insanlar tərəfindən becərilməyən bitkilər alaq adlanır.
Alaqlar kənd təsərrüfatına hərtərəfli və böyük ziyan vururlar. Alaqlar hesabına hər il dünyada istehsal edilən kənd təsərrüfatı məhsullarının ümumi həcmi 10-15% itirilir və məhsul istehsalına çəkilən xərc isə 30%-ə qədər artır.