Ona görə də, cücərtilər alınana qədər torpaq dişli və torlu malalardan və rotasiya toxalarından istifadə etməklə becərilir və qaysaq yumşaldılır.
Başdan-başa səpilən yazlıq ədviyyat, bitki çayları və dərman bitkiləri əkinlərində cücərtilər alınana qədər və cücərtilər alındıqdan sonra sahədə alaq bitkiləri kütləvi surətdə müşahidə edildikdə, torpağı ziq-zaq mala ilə becərmək lazımdır. Cücərtilər alındıqdan sonra sahənin malalanması səpinə köndələn istiqamətdə aparılmalıdır.
Ədviyyat, bitki çayları və dərman bitkiləri əkinlərində seyrəklik müşahidə olunduqda, sahə malalanaraq torpaq yumşaldılır və normal bitki sıxlığı əldə etmək üçün səpin (təmir) aparılır.
Payızda başdan-başa əkilən ədviyyat, bitki çayları və dərman bitkiləri sahələrində, səpindən cücərtilərin alınmasına qədər torpağın becərilməsi, eyni üsulla səpilən yazlıq bitki əkinlərində olduğu kimi aparılır.
Cərgəarası becərilən ədviyyat, bitki çayları və dərman bitkiləri əkinlərində torpaq daha intensiv becərilir. Səpindən cücərtilərin alınmasına qədər olan müddətdə sahənin vəziyyətindən asılı olaraq, torpağı kipləşdirmək və ya yumşaltmaq üçün vərdənələrdən və yaxud yüngül malalardan istifadə olunur.
Vegetasiya müddətində cərgəaralarının müntəzəm yumşaldılması, bu qrupa aid olan bitkilərin becərildiyi sahələrdə atmosfer çöküntülərinin torpağa asan hopmasına əlverişli şərait yaradır.
Cərgəarası becərilən bitki sahələrində cücərtilərin əmələ gəldiyi ilk dövrlərdə seyrəldici aqreqatlardan istifadə etməklə seyrəltmə aparılır. Bu zaman artıq mədəni bitkilərlə bərabər alaq otları da kəsilir və torpaq qismən yumşaldılır.
Cərgəaralarının becərilməsi, müxtəlif konstruksiyalı kultivatorlardan, rotasiya malalarından və s. istifadə etməklə həyata keçirilir. Sahənin vəziyyətindən və becərmənin xüsusiyyətindən asılı olaraq, kultivatorlar yumşaldıcı və yaxud yastıkəsən birtərəfli və oxşəkilli bıçaq tipli alətlərlə təchiz olunur (şəkil 3.2.).