Şaxmalanın ölçüsü torpağın tipinə və sahənin vəziyyətinə görə müəyyən olunur. Torpağın qranulometrik tərkibi nə qədər ağır olarsa, şaxmalanın çəkisi də nisbətən artırılmalıdır.
Vərdənələmə (Tapanlama) torpağı sıxlaşdırmaq, iri kəltənləri xırdalamaq və torpaq səthini qismən hamarlamaq məqsədi ilə aparılır. Torpağı tapanlamaq üçün vərdənələrdən istifadə olunur.
Tapanlama həmçinin səpin zamanı toxumun bərabər dərinliyə basdırılmasını və toxumun torpağın bərk fazası ilə əlaqəsinin yaxşılaşdırılmasını təmin edir. Vərdənə səthinin formasından asılı olaraq dişli və hamar olur. Tapanlamanı ilk yaz müddətində dişli, səpinqabağı dövrdə isə hamar vərdənələrlə aparmaq lazımdır.
Tapanlama ilə kipləşdirilmiş torpağın su-hava və istilik rejimi yaxşılaşdığına görə, mədəni bitkilərin toxumlarının tez cücərməsinə və normal inkişaf etməsinə əlverişli şərait yaranır. Torpağın səpinə hazırlanması qaydası, tarlanın mövcud vəziyyəti nazərə alınmaqla müəyyən olunur. Müxtəlif torpaq - iqlim şəraitinə malik olan ərazilərdə torpağın səpinə hazırlanması fərqli xüsusiyyətlərə malikdir.
Quraq iqlim şəraitində torpağın səpinqabağı becərilməsi az təkrarlanmalı və dayaz aparılmalıdır. Kifayət qədər nəmli şəraitdə torpaq, quraq iqlim şəraitindəkinə nisbətən dərin və tez-tez becərilir.
Torpağın səpinqabağı axırıncı becərilməsi səpinə 1-2 gün qalmış aparılmalıdır.
Son vaxtlar kombinə edilmiş aqreqatlardan istifadə etməklə torpağın səpinə hazırlanması (kultivasiya, hamarlama və tapanlama) səpinlə eyni vaxtda aparılır. (Şəkil 3.1).
Torpağın vegetasiya becərmələri üsulları və qaydaları.
Torpağın səpindən sonra becərilməsi, əsasən cücərtilər alındıqdan və ya şitil sahəyə əkildikdən sonra aparıldığına görə, həmin müddətdə yerinə yetirilən tədbirlər vegetasiya becərmələri adlanır.
Səpindən sonra torpağın becərilməsi, cücərtilər alınana qədər vərdənələmə və yumşaltma aparmaqdan ibarətdir.
Torpağın vegetasiya becərmələri torpaq-iqlim şəraitindən və bitkilərin bioloji xüsusiyyətlərindən asılı olaraq, müxtəlif qayda və üsullarla yerinə yetirilir.
Başdan-başa səpilən yazlıq ədviyyat, bitki çayları və dərman bitkiləri (yarpağı istifadə edilən) əkinlərində torpağın becərilməsi, əsasən səpindən cücərtilər alınana qədər aparılır. Bu müddətdə torpaq həddindən artıq yumşaq olduqda, torpağın bərk fazası ilə toxum arasında əlaqə yaratmaq və nəmliyin itirilməsinin qarşısını almaq üçün, tapanlama (vərdənələmə) aparmaq lazımdır.
Strukturasız (az münbit) şorakət torpaqlarda səpindən sonra düşən yağmurların təsiri ilə güclü qaysaq əmələ gəlir. Qaysaq əmələ gələn sahələrdə cücərtilərin alınması çətinləşir, torpağın su-hava və qida rejimləri pisləşir və mikroorqanizmlərin fəaliyyəti zəifləyir.