Təlim nəticəsi 6 – Düyələrin yetişdirilməsi
6.1 Düyə yetişdirilməsinə olan tələblər
Südlük maldarlıq təsərrüfatlarında ana sürüdə olan inəklər müəyyən dövr sonra müxtəlif səbəblərdən (qısırlıq, məhsuldarlıq azlığı, xəstəlik və s.) sürüdən çıxdaş edilir. İntensiv heyvandarlıq təsərrüfatlarında cins inəklərin saxlama müddəti kiçik təsərrüfatlarda saxlanılan yerli cins inəklərə nisbətən çox qısadır. Belə ki, cinsindən asılı olaraq intensiv təsərrüfatlarda orta hesabla inəklər 3-5 laktasiya saxlanılır. Bu isə təsərrüfatın qarşısında həmin dövr ərzində damazlıq və məhsuldarlıq məqsədlərinə cavab verən düyələrin yetişdirilməsi və sürüyə qatılmasını əsas şərt olaraq müəyyənləşdirir. Düyələrin yetişdirilməsi onların südlə yemləmədən ayrılaraq yetişdirilməsi dövründən başlayır və ilk balanın alınmasına qədər davam edir.
Düyələrin yetişdirilməsi zamanı heyvandarlıq təsərrüfatları aşağıdakı tələblərə cavab verməli və məqsədlərə nail olmalıdır:
• Saxlama müddətində cavan dişi heyvanların (düyə) maksimum qaba yem qəbulunu təmin etmək;
• İlk bala almanın 24-26 ayda baş verməsinə nail olmaq.
Düyələrin düzgün yetişdirilməsi onlardan daha çox gəlir əldə etməyə, həmçinin sürünün genetik tərkibini yaxşılaşdırmağa imkan verir. Düyə yetişdirilməsi zamanı aşağıdakı göstəricilərə nail olunması istehsalın düzgün təşkil olunduğunu müəyyənləşdirməyə imkan verir.
Mərhələ | Düyənin yaşı | Diri çəki, kq | Gündəlik çəki artımı |
Doğum | 0 | 40-45 kq | |
Mayalandırma | 14-16 ay | 400-420 kq | 800-850 qr/gün |
İlk bala alınması |
24-26 ay | 550-650 kq | 700-750 qr/gün |
6.2 Düyələrin yetişdirilməsinin məqsədi
Düyələrin yetişdirilməsi heyvandarlıq təsərrüfatları üçün, əsasən, aşağıdakı amillərə görə vacibdir:
• Sürünün cins (genetik) tərkibinin yaxşılaşdırılması
• Sürünün öz yetişdirdiyi düyələr ilə bərpası, çıxdaş inəklərin əvəzlənməsi
• Çıxdaş inəklərin iqtisadi baxımdan səmərəli əvəzlənməsi