Bu isə süd əvəzləyici ilə südlənən buzovların təbii südlə yemlənən buzovlara nisbətən cüzi də olsa, az çəki yığmalarına səbəb olur. Amma süd əvəzləyicinin təbii südə nisbətən müəyyən üstünlükləri də mövcuddur. Belə ki, buzovlara daim eyni tərkibdə (yağlılıq və s.) və keyfiyyətdə süd vermək imkanı yaradır. Həmçinin tərkibinin minerallarla zənginləşdirilməsi buzovların inkişafına müsbət təsir göstərir.
Süd əvəzləyici seçilərkən onun tərkib komponentlərinə xüsusi diqqət yetirmək lazımdır. Belə ki, onun tərkibindəki xam protein miqdarı 22 %-dən yüksək olmamalıdır. Əks halda bu, buzovlarda ishal yarada bilər.
Süd əvəzləyici istifadə edilərkən istifadə təlimatına mütləq əməl olunmalıdır. Əksər süd əvəzləyiciləri 7:1 nisbətində su ilə qarışdırılır. Bu, o deməkdir ki, 7 litr suya 1 kq süd əvəzləyici qatılır və qarışdırılır. Bu nisbətin gözlənilməməsi müəyyən problemlər yarada bilər. Belə ki, qatılan su miqdarının artıq olması zamanı buzovların inkişafında zəifləmə, suyun miqdarı az olduqda isə ishal halları yarana bilər.
Süd və ya süd əvəzləyici ilə yemləmə zamanı buzovlar böyüdükcə onlara verilən südün miqdarı da dəyişir.