Buzov çox zəif olduqda və əmmək gücü olmadıqda ona xüsusi boru başlığı olan qabdan süd içirdilə bilir. Bu üsul bəzi təsərrüfatlarda məcburi bütün buzovlar üçün də tətbiq edilir. Belə ki, bu halda buzovun çox vacib ilk ağız südünü yüksək miqdarda içməsi təmin edilmiş olur.
Ağız südü buzovlar üçün əvəzsizdir. Verilmə formasından asılı olmayaraq, o, qısa müddətdə buzova verilməlidir. Ağız südü birbaşa anadan içirilmədikdə onun temperaturunun buzovun bədən temperaturu səviyyəsində (39 °C) olmasına mütləq diqqət yetirmək lazımdır.
5.2.2 Qida maddələrinə olan tələb
Buzovların düzgün yemlənməsi onun gündəlik yem ehtiyacının düzgün müəyyənləşdirilməsi və ehtiyaca uyğun yemləmənin aparılmasından asılıdır. Belə ki, düzgün yemləmə hədəflənən çəki artımına çatmaq üçün çox vacibdir.
Hesablamalara görə, 50 kq diri çəkiyə malik və gündəlik çəki artımı 400-500 qr olan hədəflənən buzovların enerji və protein tələbi aşağıdakı kimidir.
Enerji tələbi = 16,5 MJ ME
Xam protein = 170 qr
Enerji və protein tələbinə uyğun olaraq tələb olunan süd tozu (süd əvəzləyici) miqdarı aşağıdakı kimi olacaqdır.
Tələbat | Tələb olunan süd tozu miqdarı |
Enerji – 16.5 MJ ME | 980 qr/gün |
Xam protein – 170 qr | 775 qr/gün |
Miqdar | 125 qr/litr olmaqla 8 litr və ya 160 qr/litr olmaqla 6 litr |
5.2.3 Buzovların süd və ya süd tozu (süd əvəzləyici) ilə yemlənməsi
Buzovlar ilk 3 gün ərzində ağız südü ilə yemləndikdən sonra onlara təbii inək südü və ya süd tozu (süd əvəzləyici) verilməyə başlayır. İçirdilən südün miqdarı və südlə yemləmə intensivliyi buzovun çəkisindən asılıdır.