Ağız südünün keyfiyyəti onun doğuşdan
sonra nə zaman sağıldığından asılıdır. Ağız südü doğuşdan qısa zaman
sonra sağılarsa, onun tərkibindəki immunoqlobulin miqdarı yüksək olur.
Həmçinin ağız südünün keyfiyyətinə təsir edən amillər aşağıdakılardır:
• Qısa müddət davam edən qurutma dövrü (4 həftədən az)
• İnəyin yaşı – yaşlı heyvanlardan alınan ağız südündə immunoqlobulin miqdarı daha yuxarı olur
• İnəyin cinsi
Buzovlara keyfiyyətli ağız südü verilməsi üçün ağız südündə keyfiyyət çatışmazlıqlarını göstərən xüsusiyyətlərə diqqət yetirmək lazımdır. Əgər ağız südündə aşağıdakı əlamətlər müşahidə edilirsə, o zaman buzovların bu südlə yemlənməsi tövsiyə edilmir:
• Ağız südü qatı deyilsə
• Tərkibində qan varsa
• Mastit xəstəliyi olan inəkdən sağılıbsa
• Qurutma dövrü az olan və ya doğuşa qədər sağılan inəyin ağız südüdürsə
Yuxarıda göstərilən əlamətlərlə yanaşı, ağız südü analiz edilərək də onun keyfiyyəti müəyyənləşdirilə bilər. Hal-hazırda k/t istehsalçıları arasında ağız südünün keyfiyyətinin yoxlanması üçün 2 metoddan istifadə edilir: kolostrometr və brix-refraktometr.
Kolostrometrdən istifadə daha geniş yayılan metoddur. Bu zaman kolostrometr çubuğu ağız südünün içərisinə salınır və çubuğun üzərindəki şkalalar ilə südün keyfiyyəti təyin edilir.
Kolostrometr ilə ağız südü 18-20 °C temperaturda ölçülür və adətən südün sıxlığına əsasən keyfiyyəti təyin edilir. Belə ki, ağız südünün tərkibində immunoqlobulinlərin miqdarı və konsentrasiyası yüksək olduqda ağız südünün də sıxlığı yüksək olur. Bu, o deməkdir ki, ağız südünün keyfiyyəti yüksəkdir və kolostrometr südün üzərində qalır. Analiz zamanı kolostrometr çubuğu süddə tam batarsa və kolostrometr üzərindəki şkala qırmızı zolağı göstərərsə, bu, o deməkdir ki, ağız südünün keyfiyyəti aşağıdır və istifadə üçün tövsiyə edilmir.