Heyvan qaşıma fırçaları
Heyvanların komfortu üçün müasir tövlələrdə heyvan qaşıma fırçaları quraşdırılır. Avtomatik hərəkətə gəlmə sistemi heyvan fırçaya yaxınlaşdıqdan sonra işə düşür. Fırçalar quraşdırılarkən tövlə üzrə bərabər və heyvan sayına uyğun quraşdırılmalıdır. Həmçinin heyvanların rahat yaxınlaşa biləcəyi bir yerdə və yetərli sahədə quraşdırılmalıdır. Fırçalar heyvanların üzərindən ekto parazitlərin təmizlənməsinə kömək olmaqla yanaşı, heyvanların daha təmiz qalmalarına kömək edir.
Yan pərdə sistemi
Müasir tövlələrin yan divarları tam deyil, inək boyu hündürlüyündə tikilir. Bu, inəyi birbaşa külək axınından qorumaq üçün nəzərdə tutulmuşdur. Yuxarı hissənin açıq saxlanması isə havalandırmanın daha yaxşı olması və təmiz havanın daha rahat dövr etməsi üçün nəzərdə tutulur. Lakin qış aylarında külək, yağış və soyuğun qarşısını almaq üçün bu divarlara avtomatik və ya əllə idarə edilən pərdə sistemləri quraşdırılır.
Havalandırma sistemi
Xüsusən yay aylarında hava temperaturunun qalxması ilə tövlə daxili havalandırma sisteminin əhəmiyyəti artır. İsti hava inəklərin süd məhsuldarlığına mənfi təsir göstərdiyindən müəyyən temperatur səviyyəsindən sonra tövlədəki ventilyatorlar işə düşür.