Ona görə də südlük inəklər üçün tövlədə yem yeri yataq yeri nisbəti 1:1 bərabər olmalıdır. Yəni inək sayına uyğun yataq və yem yeri hazır olmalıdır.
Su
İnəklər gündəlik hava temperaturundan asılı olaraq 70-120 litr arasında su içirlər. Su süd istehsalı üçün vacibdir. Su ilə təminat, xüsusən də yay aylarında su kəsilmələri heyvanlarda stressə və süd məhsuldarlığının kəskin düşməsinə səbəb olur.
4.2 Tövlədə saxlama formaları
Təsərrüfatın yerləşmə şəraitindən asılı olaraq südlük maldarlıqda iki tip saxlama növü fərqləndirilir:
• Yay aylarında otlaq şəraitində
• Yay aylarında tövlə şəraitində
Bu iki forma təsərrüfatında otlaq resurslarından istifadə imkanı, otlaqların bitki örtüyü ilə zənginlik səviyyəsi və yay aylarında otlaqlarda yetəri səviyyədə yemləmənin təşkilindən asılıdır. Bu üsullardan hər birinin özünəməxsus üstünlükləri mövcuddur. Belə ki, otlaq şəraitində aşağıdakı xərclərə qənaət etmək mümkündür:
• Yem hazırlama və paylama xərci
• Peyin saxlama üçün quyuların tutumunun az nəzərdə tutulması ilə tikinti xərci
• İşçilərə əməkhaqqı xərci
Bu xərclərə qənaət yalnız yaxşı ot örtüyünə və yüksək yem dəyərinə malik otlaqlardan istifadə imkanı olduğu halda mümkündür. Bu tip saxlama üsulu ölkəmizdə, əsasən, kiçik baş heyvandarlıq üçün xarakterikdir. İntensiv üsulla südlük maldarlıq ilə məşğul olan böyük təsərrüfatlar, əsasən, heyvanları bütün il boyu tövlə şəraitində saxlayır.
Südlük maldarlıq üçün tikilən tövlələri iki hissəyə ayırmaq olar:
1. Başı bağlı şəkildə saxlanılan tövlə forması
2. Sərbəst hərəkət imkanı olan tövlə forması
Başı bağlı şəkildə saxlanılan tövlə formasında tövlədə saxlanılan hər bir inək başı bağlı formada saxlanılır. Bu üsul artıq bir neçə ildir yeni tikililərdə tətbiq edilmir və dünya üzrə də istifadə sahəsi tam azalmışdır. Bu formalı tövlələrdə heyvanlar eyni yerdə yeyir, yatır və sağılır. Bu üsulun son illər demək olar ki, dövriyyədən çıxmasının əsas səbəbi daha çox insan əməyi və işçi qüvvəsi tələb etməsidir.