Hətta hava temperaturunun -10 °C-yə qədər düşməsi inəklər üçün heç bir problem yaratmır. Əksinə tövlədə temperaturun +18 °C-dən yuxarı olması inəklərə mənfi təsir göstərir. Yüksək temperatur şəraitində inəklərin qəbul etdikləri yem həcmi azalır və bu da süd məhsuldarlığının aşağı düşməsinə səbəb olur və stress yaradır.
Temperaturun yüksəlməsi süd məhsuldarlığının 40-50 %-ə qədər azalmasına səbəb ola bilir. Temperatur ilə yanaşı, hava rütubətliliyi və işıqlandırma da məhsuldarlığa təsir edən amillərdir.
Həmçinin tövlə şəraitində saxlanılan südlük inəklər üçün yetəri qədər yatacaq, yem yeri və gəzinti sahəsi olmalıdır. Hər 1 yem yeri üçün 1 yatacaq sahəsi və ümumilikdə, yatacaq sayına uyğun sağılan inək sayının tövlədə saxlanılması tövsiyə olunur.
İşıqlanma
Tövlələrdə işıqlanma səviyyəsi heyvanların özlərini rahat hiss etmələrinə və süd məhsuldarlığına təsir edir. Müəyyən işıqlanma səviyyəsində inəklərdə müəyyən hormonların ifrazı artır ki, bu da süd məhsuldarlığı və balaverməyə müsbət təsir göstərir. Tövlə daxili işıqlanma üçün 200 Lux işıqlanmanın olması tövsiyə edilir. Aparılan təcrübələr göstərir ki, heyvanlar 200 Lux işıqlandırma ilə 16 saat tövlədə saxlandıqda 13.5 saat saxlanma ilə müqayisədə 16.5 artıq süd verirlər.
Yem yataq yeri nisbəti
Heyvanlar gündəlik təkrarlanan və stabil rejimə malikdirlər. Bu rejimin pozulması onlarda stress və digər problemlərə səbəb ola bilir. Bu səbəbdən heyvanların vaxtında yeyə və uzana bilməsi üçün yetərli qədər yem və yataq yeri olmalıdır.