Təlim nəticəsi 4 – İnəklərin düzgün saxlanmasına olan
tələblər
4.1 Heyvanların saxlanması üzrə texnoloji tələblər
Qaramal və südlük inəklər uzun müddət sürü formasında təbiətdə yaşamış və təbii iqlim dəyişikliklərinə yaxşı uyğunlaşmaq qabiliyyətinə malik olmuşlar. İnəklərin tövlə şəraitində kütləvi saxlanması son 100 ildə başlamışdır. Bu baxımdan onların temperatur dəyişikliyi və digər iqlim amillərinə uyğunlaşması təbii olaraq uzun illər ərzində formalaşmışdır. Uzun müddət formalaşan digər xüsusiyyət isə onların sürü formasında yaşamasıdır ki, yetərli həcmdə yer olduqda onların digər sürü üzvünə ehtiyacı olur. Sürü daxili iyerarxiya mövcud olduğundan yatmaq və gəzinti üçün tövlədə yetərli səviyyədə yer olmadıqda bu, inəklərdə əlavə stress və yaralanmalara gətirib çıxarır. İnəklərin gövşək gətirməsi (gün ərzində 8-10 saat) üçün geniş və lazımi sayda yataq sahəsi olmalıdır. Belə ki, günün əksər hissəsini, təqribən 14 saat uzanmalıdırlar.
Ümumilikdə, südlük maldarlıq təsərrüfatı qurulduqda və ya südlük inəklərin yetişdirilməsi zamanı aşağıdakı iqlim tələbləri nəzərə alınmalıdır.
İqlim faktoru | Optimal həcmi |
Temperatur | 0 +18 °C arası |
Rütubət | 60-80% |
Zərərli qazlar | |
Dəm qazı (CO2) | Maksimum 3 l/m3 |
Ammonyak (NH3) | Maksimum 0.02 l/m3 |
Təbii işıqlanma | Tövlə sahəsinin 5 %-i həcmində pəncərə sahəsi |
Süni işıqlandırma (tövlə) | 200 Lux (gün ərzində 12-16 saat) |
Süni işıqlandırma (sağım zalı) |
Ən azı 120 Lux |
Cədvəldə əks etdirilən optimal göstəricilər daxilində südlük inəklər özlərini daha komfortlu hiss edir və məhsuldarlıq da daha yüksək olur. Hər hansı bir göstəricinin göstərilən optimal göstəricilərdən kənarlaşması sonda məhsuldarlıqda özünü göstərir.
Temperatur
Əvvəllər və indinin özündə də bəzi fermerlər elə hesab edirlər ki, inəklərin insanlar kimi isti şəraitdə saxlanılması daha düzgündür. İnsan öz istiyə olan ehtiyacına uyğun inəklərin də isti şəraitdə saxlanmasına çalışırdı. Sonralar isə bunun əksi sübutunu tapdı.