Həmçinin əmcəkləri masaj etmə müddəti qısalır və rezinin səthinin bərkiməsi ilə ora bakteriyaların yığılması və artması riski yüksəlir. Bu səbəbdən də rezin əmcəklərin hər 1000 sağımdan, silikon əmcəklərin isə 5000 sağımdan bir dəyişməsi tövsiyə edilir. Həmçinin rezin əmcəklərdə baş verən hər hansı zədələnmə (cırılma, deşilmə və s.) halında mütləq dəyişilməlidir.
Həmçinin sağım əmcəkləri müxtəlif bakteriyaların bir inəkdən digərinə ötürülmə riskini də daşıyır. Bu səbəbdən xəstə heyvanlar ən son sağılmalı və sağımdan sonra sağım aparatı dezinfeksiya maddəsi ilə yuyulmalıdır.
3.4.4 Sağım gigiyenası, qurğular və qabların yuyulması
Sağım prosesi nə qədər sakit və təbii keçərsə, inək də bir o qədər çox süd verər. İnəyin qorxması və ya stress altında sağılması onun orta hesabla 20 % az süd verməsinə səbəb ola bilər. Bu səbəbdən inəklərin sağılma vaxtına, sağıma aparılıb-gətirilmə qaydalarına nə qədər düzgün əməl olunsa, bu, sonda inəklərin süd məhsuldarlığında da öz əksini tapar.
Sağımın eyni intervalla günün eyni saatlarda aparılması tövsiyə edilir. Gündə 2 dəfə sağıldıqda sağım arası interval 12 saat olur. Yüksək məhsuldar heyvanları 8 saatlıq interval ilə gündə 3 dəfə də sağmaq tövsiyə edilir.
Yelinin sağıma hazırlanması
Sağıma hazırlıq 4 mərhələdə aparılmalıdır: yoxlama, test sağma, yuma və qurulama.
Heyvan ilk olaraq mastit və ya digər xəstəliklərə yoluxması əlamətlərinə görə (temperatur yüksəkliyi və s.) vizual kontrol edilir. Bundan sonra test sağım qabına hər əmcəkdən test sağımı aparılır və inəyin mastit olub-olmaması yoxlanır. Testdən sonra yelin su və ya dezinfeksiya edici məhlul ilə yuyulur. İstifadə edilən məhlul yelinin yumşalması və üzərindəki çirkin təmizlənməsinə xidmət edir. Dezinfeksiya maddəsinin istifadəsi yelinin daha yaxşı təmizlənməsinə kömək edir. Yuyulmadan sonra yelin tam quru vəziyyətdə qurudulmalıdır. Qurulama əski və ya kağız dəsmal vasitəsi ilə aparılmalıdır. Parça dəsmal istifadə edildikdə hər bir dəsmal hər inəyə ayrılıqda tətbiq edilməlidir ki, bakteriya və xəstəliklərin yayılması riski yaratmasın.