Oksitosin hormonu təksə süd ayrılması üçün deyil, həmçinin laktasiya dövrünün müddəti üçün də vacibdir. Belə ki, inəyin süd verməsi süd vəzilərindən müntəzəm oksitosin hormonun ifraz olunmasından asılıdır. Laktasiya müddəti uzandıqca süd məhsuldarlığı düşməyə başlayır. Əgər inəkdə süd ayrılması prosesi dayanırsa, deməli, buzov ya inəkdən ayrılmış olur və ya gündəlik sağım intensivliyi bir dəfəyə qədər azaldılır. Sekretor toxumaların süd ifrazını dayandırması ilə süd istehsalı da dayanmış olur.
Laktasiyaların sayı artdıqca inəyin süd məhsuldarlığı yüksəlir, 4 və 5-ci laktasiyada maksimuma çatır. Bu inəyin yaşının artması ilə bədən ölçülərinin və yelinin böyüməsi hesabına baş verir. İnəyin bədən ölçüləri və çəkisi artdıqca onun yem qəbul etmə qabiliyyəti də yüksəlir ki, bu da süd məhsuldarlığını artırmış olur. Birinci laktasiyada alınan südü 1.3 əmsalına vurmaqla inəyin növbəti laktasiyada maksimum nə qədər süd verəcəyini müəyyənləşdirmək olar.
Laktasiya ərzində süd məhsuldarlığına doğuşun ilin hansı fəslində olması, regionun hava temperaturu və gündüz-gecə saatlarının uzunluğu, yemləmə və su ilə təminat birbaşa təsir göstərir. Xüsusilə yemləmə və su ilə təminat mühüm təsiredici faktordur. Belə ki, süd vəziləri özündə böyük həcmdə qida maddələrini toplamaq və süd istehsal etmək qabiliyyətinə malikdir. Qida maddələrinin qəbulunun azalması yekunda süd istehsalının azalmasını şərtləndirir.