Üçüncü mərhələ isə 30 həftədən sonra başlayır və azalan süd məhsuldarlığına uyğun tələbatın balanslaşdırılması və inəyin piylənməməsi məqsədi ilə rasion hazırlanır. Bu rasionlarda daha çox sellüloza tərkibli və aşağı enerji və protein dəyərli olur.
2.3.4 Qurutma mərhələsində olan inəklər üçün yem rasionu
Qurutma dövrü inəklərdə növbəti doğuşa 2 ay (55-60 gün) qalmış dövrü əhatə edir. Bu dövrdə inəklər süddən kəsilir və orqanizm növbəti doğuş üçün özünü regenerasiya edir. Bu səbəbdən qurutma dövrü üçün yemləmənin də öz xüsusiyyəti var. Bu dövr üçün yemləmə iki hissəyə ayrılmaqla həyata keçirilir.
Doğuşa 8-4 həftə qalmış – bu zaman yem rasionu inəyin gündəlik saxlanma tələbatını ödəməklə yanaşı, 6-8 kq süd məhsuldarlığı üçün tələb olunan enerji və protein tərkibinə malik olmalıdır. Bu yem tərkib olaraq ən aşağı enerji və protein tərkibinə malik yem olmaqla inəyin piylənməməsi üçün hesablanmalıdır.
Doğuşa 3 həftə qalmış – bu faza doğuşa hazırlıq mərhələsidir və yem rasionu buzovun inəyin bətnində sürətli inkişafı ilə əlaqədar enerji ilə zəngin qüvvəli yem tərkibli olmalıdır. Həmçinin mineral balansı inəyin sağlamlığı üçün çox vacibdir.
2.4 Səhv yemləmənin nəticələri
Yemləmədə baş vermiş səhvlər heyvanlarda məhsuldarlığın azalması və müxtəlif xəstəliklərə səbəb ola bilir ki, bu da təsərrüfat üçün böyük zərər vurur. Səhv yemləmə nəticəsində çox rast gəlinən xəstəliklər və nəticələri aşağıdakı cədvəldə verilmişdir: