2.3.3 Sağılan inəklər üçün yem rasionu
İnəyin doğuşu ilə laktasiya müddəti başlayır. Laktasiya ərzində 305 gün sağım müddəti və 55 gün qurutma dövrü olaraq qəbul edilir. Mayalanma prosesi gecikən inəklərdə sağım müddəti uzanır və 305 gündən artıq olur. Sağım müddətinin uzanması iqtisadi baxımdan təsərrüfatın maraqlarına uyğun deyil. Çünki bu səbəbdən il üzrə alınan balaların sayı aşağı olur və laktasiya müddəti uzandıqca süd məhsuldarlığı da həddindən artıq aşağı düşmüş olur.
Doğuşdan sonra sağılan inəklərin yemlənməsini 3 mərhələyə bölmək olar. Hər bir mərhələdə fizioloji və yemləmə tələbləri nəzər alınmaqla fərqli rasionların tətbiqi tövsiyə edilir.
İlk faza doğuşdan sonrakı ilk 10-13 həftəni əhatə edir. Bu dövr yemləmə üçün ən önəmli, həm də ən çətin faza hesab edilir. Bu mərhələdə əsas çətinlik doğuşdan sonra məhdud yem qəbulu miqdarının olması və bu məhdud yem qəbulu ilə maksimum süd məhsuldarlığına nail olunmasıdır. Belə ki, doğuşdan sonra inəyin yem qəbulu miqdarı laktasiyanın digər mərhələlərində qəbul edilən yem miqdarının 60-70% həcmində olur. Bu isə yem rasionunun miqdar olaraq az, tərkib olaraq enerji və protein ilə zəngin olmasını tələb edir.
İkinci fazada artıq inəklər maksimal yem qəbulu miqdarına çatmış olurlar. Bu fazada balanlaşdırılmış enerji və protein tərkibli yem dəyişilmədən 30 həftəyə qədər verilir. Bu faza üzrə stabil yemləmə inəyin nisbətən daha uzun müddət yüksək məhsuldarlıq səviyyəsində qalmasını və daha gec məhsuldarlığın azalmasını təmin etməlidir. Bu fazanın özündə inəklər süd məhsuldarlığına görə fərqli qruplara bölünə bilər. Praktikada bu fazada heyvanlar məhsuldarlıq meyarına görə yüksək, orta və aşağı qrupa bölünür (inəyin genetik potensialından və digər səbəblərdən irəli gəlir) və ona uyğun yemlənirlər.