Qışlama dövründə k/t heyvanları üçün ən zəruri yem olmaqla yanaşı, keyfiyyəti, əsasən, biçin vaxtından və saxlanma texnologiyasından asılıdır. Heyvanların hər 100 kq diri çəkisinə 2-4 kq hesabı ilə ot verilir. Gövşəyən heyvanlarda otun quru maddəsi 70%- ə qədər həzmə gedir. Tədarük edilmiş quru otun nəmliliyi 14-17% arasında olmalıdır. Münbit hava şəraitində belə qurudulan otun quru maddəsinin 10-30%-i itir.
Taxıl bitkiləri (buğda, arpa) biçildikdən sonra qalan küləş və samanın yem dəyərliliyi bitkilərin növündən, sortundan, iqlim şəraitindən, becərmə aqrotexnikasından və s. amillərdən asılıdır. Payızlıq dənli bitkilərin küləşi yazlıqlara nisbətən az qidalıdır. Doğranmamış küləşin həzm olunma qabiliyyəti çox zəifdir. Arpa samanı südlük maldarlıq üçün buğda samanına nisbətən daha dəyərli hesab edilir. Buğda samanını qurutma mərhələsində olan heyvanlara vermək olar.
2.2.2 Şirəli yemlər
Şirəli yemlərə yaşıl yemlər, kökümeyvəli yemlər, qarğıdalı silosu və yemlik bostan məhsulları daxil edilir. Südlük maldarlıq praktikasında geniş istifadə edilən şirəli yemə qarğıdalı silosu aiddir. Siloslaşma yaşıl bitki kütləsinin konservləşdirilməsindən ibarət mürəkkəb mikrobioloji və biokimyəvi prosesdir. Yemin saxlanmasının əsas şərti süd-turşu bakteriyalarının yaratdığı turş mühitdir. Odur ki, silos hazırlayarkən südturşu bakteriyalarının optimal inkişaf şəraiti nəzərə alınmalıdır.
Qarğıdalı silosu yüksək qida dəyəri olan dən qarğıdalı və aşağı qida dəyərinə malik qarğıdalı bitki qalıqlarından ibarət olur. Silosun yüksək keyfiyyəti onun yığılma vaxtının düzgün müəyyənləşdirilməsi və qısa zamanda və düzgün quyuya vurulmasından asılıdır. Qarğıdalı silosu üçün ən optimal faza olaraq dən qarğıdalıda süd yetişmə mərhələsi hesab olunur.