Bu rəqəm müvafiq bazar dəyəri üzrə qiymətlə hesablanaraq gəlirin miqdarı təyin oluna bilər.
Subsidiya gəliri
Kiçik heyvandarlıq təsərrüfatlarında cins tərkibinin yaxşılaşdırılması üçün dövlət tərəfindən süni mayalanma vasitəsi ilə doğulan hər buzov üçün 100 AzN subsidiya ayrılır. Bu, əlavə gəlir olaraq südlük maldarlığın gəlirləri kimi hesablanır.
1.4 Xərc maddələrinin müəyyənləşdirilməsi
Südlük maldarlıq üzrə istehsal xərclərini dəyişən və sabit xərclər üzrə iki hissəyə ayırmaq olar. Dəyişən xərclər istehsal həcmindən asılı olaraq dəyişən, sabit xərclər isə dəyişməyərək sabit qalan xərclərdir. Dəyişən xərclər daha çox birbaşa inəyə çəkilən xərclər, sabit xərclər isə daha çox təsərrüfat və ya ümumi sürüyə aid olan xərclərdir.
Südlük maldarlıq üzrə əsas istehsal xərcləri aşağıdakılardır:
Yem xərcləri
Yem xərcləri südlük maldarlıqda ən böyük istehsal xərclərindəndir. Yem xərcləri təsərrüfatda tətbiq edilən yem rasionu üzrə satın alınmış və müəssisənin özü tərəfindən istehsal edilən yemlərə çəkilən xərcləri əks etdirir. Satın alınan yemlər istifadə miqdarına uyğun alış qiyməti və onun daşınmasına çəkilən xərcləri əhatə edir. Müəssisədə istehsal edilən yemlər isə ona çəkilən maya dəyəri əsasında hesablanır.
Baytarlıq dərman və preparat xərcləri
Bura il ərzində təsərrüfatda inəklərə istifadə edilən baytarlıq preparat və dərman xərcləri aiddir. Bura həm profilaktik tədbirlərə, həm də müalicə üçün sərf edilən preparatlar aid edilir.