1.3 Gəlir maddələrinin müəyyənləşdirilməsi
Əsas gəlir maddələri
Əvvəlki bölmədə sadalandığı kimi, südlük maldarlığın əsas gəlir formalaşdıran məhsulları süd, ət, bala və peyindir. Bu məhsulların bəziləri il boyu istehsal olunur, bəziləri isə ilin müəyyən dövründə. Ümumilikdə istehsal nəticələri 1 illik hesablandığından, südlük maldarlığın məhsulları isə laktasiya üzrə olduğundan 1 laktasiya üzrə məhsuldarlığı 1 il üçün hesablamaq lazım gəlir.
Laktasiya dövrü dedikdə balalararası müddət nəzərdə tutulur. Bir balanın doğulmasından digər balanın doğulmasına qədər olan müddət laktasiya müddətidir. Əgər laktasiya müddəti 1 ildən aşağı və ya ona bərabərdirsə (365 gün), o zaman inəkdən ildə bir bala alınır deməkdir. Normal praktikada laktasiya müddəti 1 ildən müəyyən qədər uzun olur. Məsələn, əgər laktasiya müddətinin uzunluğu 385 günə bərabərdirsə, bu zaman hesablamalarda aşağıdakı əmsal və göstəricilərdən istifadə etmək lazımdır.
1 laktasiya = 1.055 il (385 gün/365 gün)
1 il = 0.948 laktasiya (365 gün / 385 gün) / 0.948 buzov/il
Bu göstəricilərə əsasən laktasiya üzrə süd istehsalı, buzov doğumu və digər gəlir göstəricilərini 1 il üçün hesablamaq olar. Əgər inək laktasiya müddəti (385 gün) 6800 litr süd veribsə, deməli, 1 ilə düşən süd istehsalı 6445 litr (6800 litr * 0.948 laktasiya/il) olacaqdır.
Süddən əldə edilən gəlir
Süddən əldə edilən gəlir 1 il ərzində əldə edilən südün onun il üzrə orta satış qiymətinə vurulması ilə hesablanır. İl ərzində istehsal edilən cəmi südün miqdarına aşağıdakılar aiddir:
• Satılan südün miqdarı (süd zavodu, fiziki şəxs və s.)
• Şəxsi istifadə üçün istifadə edilən miqdar
• Buzovlara verilən satış qabiliyyətli südün miqdarı (eyni məbləğ buzov bəslənməsi xərclərində nəzərə alınır)
• Başqa heyvanlara verilən satış qabiliyyətli südün miqdarı
Həmçinin il boyu satılan südün qiyməti də sabit qalmır və mövsümdən asılı olaraq dəyişir. Azərbaycanda süd bazarında müşahidə edilən tendensiya ondan ibarətdir ki, yaz və yay aylarında südün satış qiyməti aşağı düşür, payız və qış aylarında isə yüksəlir. Hesablamalarda il boyu müşahidə edilmiş orta satış qiyməti götürülür.